Müsavat Divanının gündəliyi
Fevralın 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda görülən işlər barədə məlumat dinlənilib.
Qeyd edilib ki, Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı partiyanın rəhbərliyinə daxil olan şəxslər və bir qrup fəal qardaş ölkənin Bakıdakı səfirliyini zayarət edib. Bakıda, regionlarda və xaricdə fəaliyyət göstərən müsavatçılar zəlzədən zərər çəkənlər üçün yardımların toplanmasında fəal iştirak edirlər.
Aktiv seysmik zonalardan birində yerləşən Azərbaycanda zəlzələnin baş verəcəyi təqdirdə, ölkəmizin buna nə dərəcədə hazırlıqlı olduğunu, binaların zəlzələyə davamlılığı ilə bağlı standartlara nə dərəcədə riayət olunduğunu müzakirə etmək üçün ekspertlərin iştirakı ilə Dəyirmi Masanın təşkili qərara alınıb.
Azərbaycanın quru sərhədlərinin açılması, xüsusən Türkiyə ilə komunikasiyaların təmin edilməsi üçün təcili olaraq Gürcüstanla quru sərhədlərin açılması tələb edilib.
Ölkədəki problemlərin həllinə dair Müsavat Partiyasının palatformasının təkmilləşdirilməsi üçün işçi qrupu yaradılıb.
Qarabağda son durum, Ukraynada müharibə, regionda və dünyada baş verən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.