“Hürriyyət” qəzetinin baş redaktoru saxlanıldı

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, əməliyyat 29 oktyabr 2025-ci il tarixində, axşam saaat 18:00 radələrində keçirilib.

Belə ki, DTX-nın təxminən 10 nəfərə yaxın əməkdaşı V.Məmmədovun dünən axşam saat 18:00-da “Hurriyyet TV”-də apardığı veriliş bitər-bitməz internet telekanalının ofisinə daxil olublar. Onlar ofisdə axtarış apardıqdan sonra “Hurriyyet TV”-yə məxsus bütün avadanlıqları da özləri ilə aparıblar.

Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib.

Məlumat üçün bildirək ki, Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 26 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb.

“Hürriyyət” qəzetinin saytında yayılan məlumatda  deyilir ki, baş redaktorun hansı səbəbdən saxlanıldığı haqda hələ heç bir rəsmi və ya qeyri-rəsmi ittiham yoxdur: “Hürriyyət” olaraq, bəzi saytların V.Məmmədovun saxlanılmasının “Ramiz Mehdiyev işi” ilə əlaqələndirməsinə qəti etiraz edir və bu mülahizələrin tamamilə qərəzli və məqsədyönlü olduğunu bəyan edirik. Ən azı ona görə ki, Vüqar Məmmədova bir neçə ay öncədən bəzi dövlət orqanları tərəfindən, fəaliyyətini dayandırmayacağı təqdirdə, həbs olunacağı ilə bağlı xəbərdarlıq edilmişdi”.