Monteneqroda saxlanan azərbaycanlı: “İki gündür evdən çölə çıxa bilmirik”

Azərbaycan vətəndaşı Nəcəf Nəcəfli Monteneqroda tikinti şirkətlərinin birində fəhlə işləyir.

Oktyabrın 26-da işdən qayıdan Nəcəf Nəcəfli o axşamı polis idarəsində keçirməli olub.

O deyir ki, yaşadıqları yataqxana gözlənilmədən naməlum, maskalı şəxslərin hücumuna məruz qalıb.

“Bizimlə burda yaşayan, işləyən iş yoldaşlarımızdan gəldilr ki, qapının ağzında siqaret çəkəndə onlara maskalı şəxslər yaxınlaşıb başlarına butulka ilə vurublar. Biz də çölə çıxdıq”.

Monteneqroda oktyabrın 25-də bir yerli sakinə xəsarət yetirilib və hadisəyə görə, biri Türkiyə, digəri Azərbaycan vətəndaşı olan ik şəxs saxlanıb.

Yerli sakinin həyat təhlükəsinin olmadığı bildirilir.

Hadisənin motivi bəlli olmasa da, bu, yerli sakinlər arasında qəzəb doğurub və onlarla Podqoritsa sakini etiraz aksiyası keçirib. Türkiyə nömrə nişanlı bir avtomobil yandırılıb, türklərə məxsus bir mağaza dağıdılıb.

Nəcəf Nəcəfli deyir ki, yerli əhali arasında azərbaycanlılara da türk deyildiyindən maskalı şəxslər onların yaşadığı binaya hücum edib. Həmin vaxt onlar bu hücuma görə polisə zəng vurublar, amma polis onların özünü həbs edib bölməyə aparıb.

BBC Azərbaycanca Podqoritsa polisi ilə əlaqə saxlaya bilməyib.

Baş vermiş hadisəylə bağlı Polis onu da bildirib ki, 45 nəfər Türkiyə və Azərbaycan vətəndaşını hadisəylə əlaqədar saxlayıb və onların ölkədə qanuni qalıb-qalmadıqları ilə bağlı yoxlamalar aparılıb.

Rəsmi məlumata görə, saxlanan şəxslərdən 7 nəfəri cərimə edilib, 8-i isə deportasiya ediləcək. Amma onların Azərbaycan yoxsa Türkiyə vətəndaşı olduğu məlum deyil.

Polis azərbaycanlı ve türklərə hücum etməyi planlaşdıranları da həbs etdiyini açıqlayıb.

“Bizi buraxdıqları günün sabahısı, axşam şəhərdə etiraz aksiyası keçirildi və etirazçılar kütləvi şəkildə bizim yaşadığımız yataqxanaya hücum etməyə başladılar. Bizim qaldığımız yataqxananı daşladılar, butulka atdılar. Gecə saat 1-dən sonra bura polislər gəldi və səhərə qədər bizi mühafizə elədilər”, – Nəcəf Nəcəfli bildirir.

O deyir ki, onlar Azərbaycanın Monteneqrodakı konsulluğuna gedib kömək istəyiblər.

BBC Azərbaycanca Azərbaycanın Monteneqrodakı rəsmilərindən cavab ala bilıməyib.

Monteneqro Prezidenti Yakov Milatoviç hücumu sərt şəkildə qınayıb və sakitliyə çağırıb.

Nəcəf Nəcəfli deyir ki, onlar bu hadisədən sonra yaşadıqları yeri tərk edə bilmirlər, işə də getmirlər və ümid edirlər ki, tez bir zamanda bu gərginlik aradan qalxacaq.

BBC