Rusiya ilə Qərbin fərqi
Mustafa Hacıbəyli
Bizim siyasi mənsubiyyətimiz əqidəmizdən irəli gəlir, ona görə kənara qoya bilmərik. Biz öz mövqeyimizi heç müasir yırtıcı dövranın tələblərinə uyğun olaraq redaktə də edə bilmərik, çünki insan haqları və beynəlxalq hüququ əsas götürən Rəsulzadə irsinin davamçıları, o yolun yolçularıyıq.
Biz “milli maraqlar” deyib, azadlıq və bərabərlik prinsiplərindən və beynəlxalq hüquqdan imtina edə bilmərik, etməməliyik.
Əqidəmizin gerçək milli maraqlarla ziddiyət təşkil etmədiyinə də tam əminik.
Biz Rusiyanı yox, Qərbi yox, öz vətənimizin maraqlarını müdafiə etməliyik və edirik. Amma Rusiya ilə Qərb arasında seçim qarşısında qalsaq, yenə neytral qalmağımız ədalətsizlik olardı.
Çünki:
-Rusiyadan Azərbaycana quldur hücumları hələ 17-ci əsrdən başlayıb.
-Sonra fars imperiyası ilə sazişlər bağlayıb vətənimizi ikiyə bölüblər.
-Sonra müsəlman şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradıblar. On minlərlə müsavatçını və ziyalını qətlə yetirib, həbsxanalarda, sürgünlərdə çürüdüblər.
-Sonra 20 yanvar qətliamını törədiblər.
-Birinci Qarabağ müharibəsində Ermənistanın qələbəsini təmin ediblər.
-44 günlük müharibədə Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Movses Akopyanın dediyi kimi, onlara “yatsaq yuxumuza girməyəsi qədər silah-sursat veriblər”.
-Hətta 2023-cü ilin 19 sentyabrında da ölən 5 Rusiya hərbçisi, Putinin etiraf etdiyi kimi “erməniləri xilas edərkən” həlak olublar.
Rusiyada formasiyalar dəyişib, amma onların bizə qarşı işğalçı siyasəti dəyişməyib.
Qərb bunların hansını edib???
Rusiya bu gün də bütün dünyada əbədi hakimiyyət hərisləri olan korrupsioner rejimlərin əsas dayağıdır. Kreml Azərbaycanda Əliyev rejiminin əsas dayağıdır.
Bütün bunlardan sonra ABŞ Konqresinin Azərbaycana yardımları dayandıran layihəyə səs verməsini Rusiyanın Azərbaycana yüz illər boyu davam edən düşmən münasibətilə necə müqayisə edək? ABŞ öz qanununa düzəliş edib, Azərbaycana ayıracağı yardımı kəsə bilər – suveren hüququdur. Hələ bunu da kəsməyiblər. Azərbaycan hakimiyyəti Rusiyanın təhrikinə uymasa, diplomatik vasitələrlə məsələni həll etməyə çalışsa, ola bilər heç kəsməyəcəklər də. Həm də, söhbət o qədər xırda məbləğdən – illik 10-12 milyon dollardan gedir ki, bunu nəinki 20 Yanvar faciəsi ilə, tutalım Azərbaycanın hansısa bir dövlət strukturunda mənimsənilən məbləğlə müqayisə etmək çətindir… Buna görə Azərbaycanı dünyadan təcrid etməyə dəyərmi?..
Dəyməz.
Cəmi bir neçə ay əvvəl Azərbaycan hakimiyyəti Ermənistanla sülh sazişinə tərəfdar olduğunu, əsas məsələlərdə razılığa gəlindiyini, tezliklə sülh sazişinin imzalanacağını bildirirdi.
Amma indi – Ukrayna cəbhəsində vəziyyət Rusiyanın xeyrinə dəyışməsindən sonra (bu da müvəqqətidir) İlham Əliyevin ritorikası dəyişıb. İndi İlham Əliyev deyir ki, Azərbaycandan Naxçıvana gedən vətəndaşlar və yüklər yoxlanıla bilməz. Bu, yeni tələbdir. Buna kim razılaşar ki?
Azərbaycandan Naxçıvana gedən vətəndaşları və yükləri İran sərhədçiləri niyə yoxlayır? Biz Naxçıvana və oradan Azərbaycana Zəngəzur yolu ilə nə daşıyacayıq ki, onun yoxlanmasını istəmirik?
İlk ağla gələn yenə Rusiyadır. Rusiya Türkiyə hakimiyyətinin də dəstəyi ilə Zəngəzur dəhlizi vasitəsilə Qərbdən yeni cığır açmaq, bu yolla sanksiyalardan qismən yayınmaq, hərbi strateji məhsullar və avadanlıq daşımaq istəyirmi? Əlbətdə istəyir. Bunu aylar əvvəl yazmışam – Azərbaycanla Naxçıvan arasında quru kommunikasiya İran vasitəsilə onsuz da mövcuddur. Yəni bizim üçün Zəngəzur dəhlizi həyati məsələ deyil, amma sanksiyalardan yayınmaq istəyən Rusiya üçün heç kəsin yoxlamayacağı bir dəhlizin açılması həyati məsələdir.
Dünyada vəziyyət belə qalmayacaq. Mən çox istərdim ki, Azərbaycan hakimiyyəti bu gün bəyan elədiyi mövqedə israrlı olsun. Dirənsin. Amma ehtimal edirəm ki, Ukrayna ordusu müttəfiqlərinin köməyi ilə döyüş meydanında ciddi dönüş yaradan kimi, Azərbaycan hakimiyyəti bu gün irəli sürdüyü şərtləri unudacaq, ritorikanı dəyişəcək. O halda yeni müharibə olmayacaq. Rəsmi Bakı məhz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişinin imzalanmasına, Qərb liderlərinə Paşinyandan daha yaxın olmağa can atacaq.
İnanıram ki, sonda belə də olacaq.