Danimarka kimi xoşbəxt olmaq istəməyənlər…
Türkiyədə prezident və parlament seçkilərinə start verilib. Prezidentlik uğrunda əsas mübarizə iki namizəd, hazırkı dövlət başçısı Rəcəb Tayyip Ərdoğan və müxalifətin əsas namizədi Kemal Kılıçdaroğlu arasında gedəcək. İlk dəfədir ki, Türkiyədə seçkilər hakimiyyətin müəyyənləşməsi mexanizmi olmaqdan çıxaraq rejim məsələsinə çevrilib. Hər kəs anlayır ki, Ərdoğan qalib gəlsə, Türkiyədə şəriət daha da güclənəcək. Kılıçdaroğlu qalib gəlsə, dünyəvi dövlətə geri dönüş başlayacaq.
Əsası Türk millətinin böyük oğlu Mustafa Kemal Atatürk tərəfindən qoyulmuş Cümuriyyət Halk Partiyasının lideri Kemal Kılıçdaroğlu uzun illər dövlət məmuru olsa da, onun haqqında ən kiçik korrupsiya, rüşvət iddiasını ən qatı əleyhidarları belə dillərinə gətirə bilmirlər. Hətta belə fikirlər var ki, Kılıçdaroğlu Türkiyə siyasəti üçün həddindən artıq təmiz siyasətçidir, belələri Danimarka kimi Skandinav ölkələrində prezident ola bilər.
Bu həmin Dnimarkadır ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı xoşbəxt ölkələrin siyahısında ikinci yerdədir.
Danimarkanın xoşbəxt ölkələrin siyahısında ikinci olmasının əsas səbəblərindən biri də bu ölkədə korrupsiyanın yox səviyyəsində olmasıdır.
Türkiyədə isə prezidentin baş müşaviri Maksut Serimin iki oğlunun bir müddət öncə öldürülən qumarxanalar kralı Halil Falyalı ilə ortaq şirkətləri olduğu üzə çıxır, amma cəmiyyət buna etiraz da etmir. Halil Falyalının ortağı olan Maksut Serimin oğlanlarından biri xarici işlər nazirinin müavinidir. Yəni, Türkiyə kimi bir dövlətin xarici işlər nazirinin müavini Türkiyədə axtarışda olan qumarxanalar kralı ilə ortaq olub.
Halil Falyalının ortaqlarının atası və Türkiyə prezidentinin baş müşaviri olan Maksut Serim uzun illər türklərin örtülü ödenek dedikləri “gizli büdcə”yə rəhbərlik edib. Bu “gizli büdcə”dən edilən ödəmələrlə bağlı bir qayda olaraq parlamentə belə hesabat verilmir.
Danimarka kimi korrupsiyasız ölkə qurub xoşbəxt olmaq istəməyənlər bədbəxt ölkələrin sırasında yer almağa məhkumdur.
Xəqani Cəfərli