Müsavat jurnalistlərin azad olunmasını tələb edir – Məclisin gündəliyi
Dekabrın 7-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.
Yığıncaqda partiya başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın cari vəzifələri mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra 29 yanvar 2025-ci il tarixə elan edilmiş Bələdiyyə Seçkilərində iştirak və namizədlərin irəli sürülməsi səlahiyyətinin rayon təşkilatlarına verilməsi haqqında qərar təsdiqlənib. Müsavat Partiyasının 2025-ci il üçün fəaliyyət istiqamətləri qəbul edilib.
İclasda Azərbaycanda insan haqlarının durumu ilə bağlı bəyanat qəbul edilib.
Sənəddə deyilir:
Azərbaycan ictimaiyyəti ölkəmiz üçün hər əlamətdar hadisə və bayram ərəfəsində ölkədə bir demokratik açılım olacağına, günahsız tutulan şəxslərin həbsdən azad olunacağı və siyasi repressiyalara son qoyulacağına ümid bəsləyir. Xüsusən ölkə iqtidarı üçün əlamətdar olan “COP 29” beynəlxalq İqlim Konfransı ərəfəsində cəmiyyətdə siyasi məhbusların azad olunacağına böyük ümidlər yaranmışdı.
Lakin gözləntilərin əksinə olaraq, hakimiyyət nəinki siyasi məhbusları azad etmir, əksinə, repressiv tədbirləri getdikcə daha çox dərinləşdirir.
Hazırda Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, AXCP üzvü Zamin Salayev də daxil olmaqla, bir sıra siyasi və ictimai fəallar, jurnalistlər, o cümlədən “Toplum TV”, “Abzas Media”, “Kanal 13”-ün təmsilçiləri və əməkdaşları, eləcə də dini fəallar – hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, ümumilikdə 300-dən artıq ölkə vətəndaşı günahsız olaraq həbsdə saxlanılır.
Son günlərdə hüquq-müdafiəçisi Rüfət Səfərov əsassız ittihamlarla həbs edilib. Müstəqil jurnalist Ramin Cəbrayılzadə (DEKO) və Meydan TV-nin əməkdaşları – Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Natiq Cavadlı əsassız olaraq saxlanılıblar.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən siyasi motivlərlə həbs olunan şəxslərin dərhal azad edilməsini, ölkədə repressiyaların dayandırılmasını tələb edir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətini regionda və dünyada gedən son prosesləri nəzərə almağı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ölkədə vətəndaş həmrəyliyinə nail olunması istiqamətində təsirli addımlar atmağa çağırır.