Ramiz Mehdiyevin cəzası haqqında

Vaqif Hacıbəyli

Ramiz Mehdiyev dünən dərc edilən yeni məqaləsində yazır ki, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində onu günahlandırsalar da “bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır”. On illər ərzində ölkədə tügyan edən irticaçı rejimin sabiq ideoloqu daha sonra mətbuatımızın hazırki vəziyyətinə qiymət verərək yazır: “Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir.”

Ramiz Mehdiyevin bu açıqlaması ilə əlaqədar sual yaranır: əgər ölkədə bütövlükdə mənəvi deqradasiya gedibsə, aparılan rəsmi təbligat əsasən yalan üzərində qurulubsa, əqidəli, əxlaqlı, mənəviyyatlı adamlar mətbuatda necə qala bilərdilər? Və bu mənəvi deqradasiyanın günahkarı İlham Əliyevlə birlikdə Ramiz Mehdiyevin özü deyilsə, bəs kimdir?

Kuratorların yenilənməsindən mətbuatda hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir mülahizəsi isə tam dogrudur. Lakin bu dogru mülahizənin müəllifi özü sülalə rejiminin başında duran diktatora yaltaqlanmaqda davam etməklə cəmiyyətə pis nümunə təqdim edirsə, deyilən həmin keyfiyyat dəyişikliyini həyata keçirmək mümkün deyil.

Ramiz Mehdiyevin cəmiyyətdə heç bir dayagı qalmayıb. O, hələ də müəyyən vəzifələri tutur, lakin cəmiyyət artıq onu siyasi meyit kimi qəbul edir. Böyük siyasətdə olmuş bir insanın bundan böyük şəxsi faciəsi ola bilməz. İndiki ahıl yaşında çalışıb həqiqətləri demək, səhvlərini etiraf etmək əvəzinə Mehdiyev açıq şəkildə hamını şantaj etməklə məşguldur.

Cəmiyyətdə ona səmimi inanan və onun səmimi inandığı bir kimsə gözə dəymir.

Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. ( Bernard Şou)

Basta