Qobustan həbsxanasında koronavirus ocağı aşkarlandı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında yoluxma ocağı müəyyən edilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Məlumata görə, Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. “Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Nəticədə 5 nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur”.
“AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində də kütləvi yoluxma müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.