Azərbaycan hərbçisi Ermənistanda saxlanıb
Sisian rayon icmasının başçısı Armen Akopcanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, Bnunis kəndi ərazisinə iki azərbaycanlı keçib, birini kənd sakinləri tutublar, digərini tapmayıblar.
Akopcanyanın sözlərinə görə, saxlanan azərbaycanlı əvvəl Bnunis kəndində olub, daha sonra Aşotavan kəndində tapılıb.
İcma başçısı digər suallara cavab verməyib, yalnız azərbaycanlının mülki formada olduğunu söyləyib.
Bnunis icmasının başçısı Qor Ovannisyan isə kənddə hər şeyin normal getdiyini – “panika olmadığını” bildirib.
Ovannisyan azərbaycanlıların kənd sakininin evinə necə girdiyi haqda detallı danışmayıb, müvafiq orqanlara müraciət etməyi məsləhət görüb. O əmin edib ki, istənilən halda kənddə azərbaycanlı ola bilməz. O, azərbaycanlıların mövqeyinin kənddə çox uzaq yerləşdiyini sözlərinə əlavə edib.
+++
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin aprelin 10-da gecə Ermənistan ərazisində aşkarlanaraq saxlandığını bildirir. “Onun sözlərinə görə, onunla daha bir hərbçi olub, onun axtarışı davam edir”, – məlumatda deyilir.
+++
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda bu ölkənin iki hərbi qulluqçusunun itkin düşdüyü deyilir.
“Turan”ın xəbərinə görə, bu barədə aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata görə, hərbi qulluqçular əlverişsiz hava şəraitində yolu itiriblər. İtkin düşən şəxslərin axtarışı üzrə zəruri tədbirlərin görüldüyü vurğulanır.
Naxçıvan MR-nin Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Muxtar respublika şimalda və şərqdə Ermənistanla, qərbdə Türkiyə, cənubda isə İranla həmsərhəddir.
Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
AzadlıqRadiosu