Yerevan Rusiyanı Azərbaycana güc tətbiq etməyə çağırır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində faktiki olaraq Moskvanı Qarabağda Azərbaycana qarşı güc tətbiq etməyə çağırıb.
“Azərbaycanın da imzaladığı 9 noyabr bəyanatına əsasən, Laçın dəhlizi tamamilə Rusiya Federasiyasına verilib və hazırda Laçın dəhlizində baş verən hadisələrə görə məhz o, tam məsuliyyət daşıyır”, – Qriqoryan deyib.
Rusiya tədbir görməlidir ki, 120 000 erməni etnik təmizlənməyə məruz qalmasın. “Əgər problem danışıqlar yolu ilə həll edilmirsə, Rusiya başqa cür davranmalıdır”, – o deyib.
Qriqoryan Azərbaycanla sülh sazişi üzrə danışıqların məzmununa toxunaraq 8 sərhədyanı kəndin qaytarılması ilə bağlı Bakının tələblərini qeyd edib. Onun sözlərinə görə, Ermənistanın da Azərbaycanın “işğal etdiyi” əraziləri qaytarmasına dair tələbi var.
“İşğal edilmiş belə ərazilər Tavuşdadır. Ermənistan tələb edir ki, Azərbaycan bu əraziləri geri qaytarsın. Belə ərazilər Cermuk, Sotk-Xoznavarda və Ermənistanın bütün sərhədi boyunca var”, – Qriqoryan bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilk növbədə bu əraziləri qaytarmalıdır, sonra danışıqlar masası arxasında öz beynəlxalq öhdəlikləri çərçivəsində Dağlıq Qarabağ üçün beynəlxalq təhlükəsizliyin təminatı mexanizminin müzakirəsinə başlamalıdır.