Cinayət şübhəlisinin tutulmaması ilə bağlı şikayətə DİN-dən reaksiya

Prokurorluq maşın oğurluğunda şübhəli bilinən şəxsin həbs olunması barədə polisin vəsatətini müdafiə etməyib 

 “Basta” saytında dərc edilən şikayətə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən reaksiya verilib. 

Aprelin 26-da “Yustinian kodeksi, Ədalət və bizim Osmanlı yeniçəriləri” sərlövhəli yazıda avtomobil oğurluğunda şübhəli bilinən şəxslərin saxlandığı, amma onların həbs olunmadığı, oğurluq anını əks etdirən video-görüntülərin sonradan yoxa çıxdığı, “istintaq gedir” adı altında maşının qaytarılmadığı bildirilir.

Aprelin 28-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev redaksiyamıza məsələ ilə bağlı açıqlama göndərib. Açıqlamada deyilir: 

“Vətəndaş Q.Yusifov kürəkəni O.Rzayevə məxsus “Daewoo Gentra” markalı avtomobilin oğurlanması barədə polis orqanına müraciət edib. 

Yasamal RPİ 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə cinayət işi başlanılıb. 

Araşdırmalarla M.Əhmədovun avtomobili evakuatorla Abşeron rayonu, Atyalı qəsəbəsinə aparması müəyyən olunub. 

Polis orqanı tərəfindən M.Əhmədov barədə həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal rayon prokurorluğuna verilən vəsatətin müdafiəsindən  imtina edildiyindən onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir”.  

Cavabdan məlum olur ki, polis maşın oğurluğunda şübhəli bilinən şəxslərdən birinin barəsində həbs qətimkankan tədbiri seçilməsi barədə vəsatət qaldırsa da, həmin vəsatət müdafiə olunmayıb.

“Vəsatəti kim müdafiə etməyib” sualı ilə DİN mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevə müraciət edik. DİN rəsmisi “dövlət ittihamçısı” deyə, cavab verdi. Həmin iş üzrə dövlət ittihamçısının kimliyi haqda sualımızı prokurorluq orqanlarına ünvanlağımızı tövsiyyə etdi. 

Məsələyə prokurorluq orqanlarının münasibətini dərc etməyə hazırıq.

Basta