Azərbaycan XİN Borrelə cavab verib
Azərbaycan XİN Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin noyabrın 13-də Brüsseldə Beynəlxalq Münasibətlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında səsləndirdiyi bəyanatı pisləyib.
Qeyd edək ki, Borel Azərbaycanı “Ermənistanın ərazi bütövlüyü pozulduğu” təqdirdə bunun “ciddi nəticələri olacağı” ilə hədələyib. O, həmçinin Ermənistana dəstəyin gücləndiriləcəyini vəd edib.
Azərbaycan XİN bu yanaşmanı “regiondakı reallıqları əks etdirməyən, qeyri-adekvat və qəbuledilməz yanaşma” hesab edib. XİN Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalında qalmasına Avropa İttifaqının yetərli qədər diqqət ayırmamasına diqqət çəkir. Şərhdə vurğulanır ki, bu təcavüz nəticəsinsə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.
Şərhdə bir daha vurğulanır ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri Azərbaycanın suveren ərazilərində həyata keçirilib və Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib.
Şərhə görə, Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgədə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəni yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür.
Bu məqsədlə, digər sahələrlə yanaşı, hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir.
Şərhdə xatırladılır ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq.