İyunun 1-də sülh sazişi imzalana bilər
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada yerli və xarici qonaqların qarşısında, Ermənistan baş naziri Nikol Paşinyansa Yerevanda parlament üzvlərinin önündə çıxış edərək mümkün sülh sazişi və iki ölkənin əlaqələri barədə danışıblar.
İlham Əliyev nə deyib?
İlham Əliyev deyib ki, danışıqlarda Ermənistanın konstruktivliyinə ümid edir.
Onun sözlərinə görə, 30 ilə yaxın işğal dövründə Ermənistan heç nə qazanmayıb və İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan özü sülh təşəbbüsü ilə çıxış edib.
Prezident deyib ki, əgər Ermənistan sülh istəmirsə bu olmayacaq, amma bu addım nə Ermənistan, nə də region üçün yaxşı olacaq. O bunun Azərbaycan üçün də yaxşı olmayacağını əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Şuşada beynəlxalq tədbirdə çıxış edərkən də nazirlərin ABŞ-da görüşü barədə danışıb: “Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.
Prezident deyib ki, Azərbaycan Ermənistan tərəfinə sülh sazişi layihəsinin dörd yeni variantını göndərib və qarşı tərəfdən bu təkliflərə sonuncu şərhi qırx gündən çox gözləyib.
“Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada iki istiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”, – İlham Əliyev deyib.
Prezident bildirib ki, Ermənistanın konstruktivliyinə ümid edir və əgər bu olmasa, Azərbaycan “diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır”.
O deyib ki, Ermənistandan gözlədiyi konstruktivlik olmasa, “sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq, onlar yenə də təcrid olunacaqlar”.
Nikol Paşinyan nə deyib?
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Washingtonda müzakirə olunan konkret sənəd mövcuddur və həmin sənəd heç bir sürpriz ehtiva etmir, çərşənbə günü “Parlament saatı” zamanı millət vəkillərinin suallarını cavablandırarkən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Lakin Paşinyan əlavə açıqlama verməyib və müxalif millət vəkillərinə sənədlə tanış olmaq üçün Xarici İşlər Nazirliyinə müraciət etməyi təklif edib.
“Washington-da mənim keçən həftə bu tribunadan təqdim etdiklərim müzakirə olunur. Bəli, danışıqlar masası üzərində sənəd var. Həmin sənəddə yeni heç bir şey tapa bilməzsiniz, çünki bu tribunadan onun tezislərini təqdim etmişəm. Bizim təkliflərimiz və reaksiyalarımızla, o cümlədən Azərbaycanın təklifləri ilə olan mətnlə XİN-də tanış ola bilərsiniz”, – Nikol Paşinyan deyib.
Washington danışıqlarından sonra sülh sazişi layihəsinin iyunun 1-də Kişinyovda imzalanması ehtimalına dair sualı cavablandıran Paşinyan deyib: “Belə olsa, mən çox şad olaram. Artıq dediyim kimi, məlum olsa ki, masa üzərində sənəd var və bizim imzalamaq, ya imzalamamaq haqqında son mülahizələrimiz qalır, bu – yaxşı xəbərdir”.
Eyni zamanda Paşinyan əlavə şərhin Washington danışıqlarına təsir edə biləcəyindən ehtiyatlanaraq bundan artıq məlumat verməyib.
O, Washingtonda danışıqlar aparan Ermənistan nümayəndələrinə necə tapşırıq verdiyini bildirib.
“Mən demişəm ki, üzərində danışıqlar apardığınız sənədi mən imzalamalıyam. Azad müzakirə edin, bizim siyasi kursumuz çərçivəsində və açıq bəyan etdiyimiz fikirlərimizə uyğun”.
O, həmçinin bildirib ki, danışıqlar zamanı “yeni komponent, yeni təklif meydana gələ bilər”.
“Mən istəməzdim deyilsin ki, açıq ifadə olunandan bir millimetr belə kənara çıxa bilmərik. Danışıqlar prosesi – canlı prosesdir, onun əsnasında daha əvvəl ağlımıza gəlməyən yeni ideyalar doğula bilər”, – o deyib.
Nikol Paşinyan parlament tribunasından “sülh mümkündür” deyib, amma burda, həmçinin erməni tərəfi üçün qəbuledilməz şərtlərin olduğuna da işarə edib.
“Sülhün Ermənistan və Ermənistan xalqı üçün prinsipial olaraq məqbul olan parametrlərlə real şəkildə mümkün olması variantı var. Ermənistan xalqı üçün kökündən qəbuledilməz olan parametrlərlə də sülh ola bilər. Bizim vəzifəmiz realizm və məsələ ilə bağlı emosional arxa planı balanslaşdırmaqdır”, – Ermənistan baş naziri xəbərdar edib.
Onun sözlərinə görə, son dərəcə balanslı həll tapılmalıdır. Azərbaycanın ərazi bütövlüyünün tanınması, “Artsaxın” (Qarabağı ermənilər belə adlandırır) statusu məsələsinə dair müxalifətin tənqidi sözlərinə cavabında Nikol Paşinyan Ermənistanın heç kəsə ərazi iddiası olmadığını bəyan edib.
“Bizim mövqeyimiz budur: Ermənistan Hökuməti və Ermənistan Respublikası nəinki ərazi iddialarının olmadığını, hətta gələcəkdə olmayacağını bəyan etməlidir. Və bizə dövlətimiz olması üçün imkan verən yeganə prinsip budur, əks təqdirdə, gəlin görək: dörd tərəfimizdən də hər şey ediləcək ki, biz olmayaq, dövlətimiz olmasın. Və edirlər də”, – Nikol Paşinyan deyib.
Rusiya mətbuatı yazır ki, Azərbaycan və Ermənistan XİN başçıları Washingtondan qayıtdıqdan sonra Rusiyada da görüşəcəklər.
Nikol Paşinyanın sözlərinə görə, erməni tərəfi Qərbdən Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı Rusiyanın təkliflərinə zidd olan təklif almayıb, ancaq xatırladıb ki, erməni tərəfi həm də Rusiyanın təklifini rədd etməyib.
Paşinyan müxalifət nümayəndələrinin onu “satqın” adlandırmasına da cavab verib.
“Məni o qədər tez-tez satqın adlandırıblar ki, sadəcə belə ittihamlardan qorxmamağa başlamışam. Bu sizin səhvinizdir. İndi bu, nə yaxşı, nə də pisdir, bu, belədir. Bu qədər çox demək lazım deyildi”, – Paşinyan deyib və əlavə edib ki, müxalifətlə heç bir məsələni müzakirə etməkdən çəkinmir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Dövlət katibi Antony Blinken cümə axşamı Bakı vaxtı ilə 21:45-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli sülh danışıqlarının yekun iclasında iştirak edəcək.
Buna kimi Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün Avropa İttifaqı, Rusiya, ABŞ və Gürcüstan vasitəçi rolunda çıxış edib.
Hələ ki, Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda tərəflər Soçi bəyanatı və Praqa bəyannaməsi qəbul ediblər, amma hələ də sülh sazişi imzalanmayıb.
BBC