Zamin Salayevin anası İlham Əliyevə müraciət etdi
İstintaq təcridxanasında 103 gündür aclıq edən AXCP üzvü Zamin Salayevin anası oğlunun həbsdən azad edilməsi xahişi ilə ölkə prezidenti İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya müraciət edib.
“Oğlumu məhkəmədə ölümcül vəziyyətdə gördükdən sonra özümə yer tapa bilmirəm. Hər an onun ölüm xəbərini almaq qorxusu ilə yaşayıram. Ana üçün bu, sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli bir əzabdır. Bir ana kimi sizdən məni bu əzabdan xilas etməyi xahiş edirəm”, deyə Şamama Salayevanın mayın 19-da ölkə rəhbərliyinə göndərdiyi məktubda qeyd edilir.
Onun sözlərinə görə, Salayevin ailəsi ona görə çox narahatdır.
“Oğlumun azyaşlı qızı məhkəmədə atasını gördükdən sonra kədərdən yemək yeyə bilmir. Mən oğlumun həyat yoldaşının və qızının gözlərinə baxa bilmirəm. Xahiş edirəm, onu azad edin, yarısağ vəziyyətdə də olsa, ailəsinin yanına qayıtsın”, deyə Ş.Salayeva yazır.
* Zamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Onun barəsində RF CM-in 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşaiyət olunduqda) maddəsi ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayev 5 ilədək azadlıqdan məhrum oluna bilər. Salayev həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz əlaməti olaraq 103 gündür aclıq edir. ABŞ-ın Bakıdakı səfirliyi Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.