Zamin Salayev aclığı dayandırdı. Söz veriblər ki…
AXCPfəalı Əlizamin Salayev 115-ci gündə aclığı dayandırıb. O, apellyasiya şikayətinin ədalətli araşdırılacağı haqqında vədlərdən sonra aksiyanı dayandırmağa razılaşıb. Bu barədə Turan agentliyinə iyunun 1-də AXCP Səbail rayon təşkilatının sədri Ceyhun Novruzov bildirib.
“Bu gün Zamin Salayev Penitensiar Xidmətin Müalicə Müəssisəsindən zəng edib. O, həbs hökmündən verilən şikayətə ədaldətli baxılacağı barədə vədlərdən sonra bu gün səhər aclığı dayandırıb”, deyə Novruzov bildirib. O, bu sözü kimin verdiyinə dəqiqlik gətirməyib.
Ümumilikdə Salayevin vəziyyəti çox ağırdır. O, 50 kiloqram çəki itirib və Müalicə Müəssisəsində köçürülən dərmanlar və qida maddələri sayəsində yaşayır.
Zamin deyib ki, Apellyasiya Məhkəməsi onu azad etməsə aksiyanı bərpa edəcək və quru aclığa keçəcək, deyə Novruzov bildirib.
* Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. Mayın 22-də məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrum edib.