Tofiq Yaqublu aclıq aksiyasına başladı
Mustafa Hacıbəyli
Tofiq Yaqublunu karserə salıblar. Hakimiyyət Vaşinqtonda İlham Əliyevin qaldığı otelin qarşısında keçirilən etiraz aksiyasına Rəhim Yaqublunun fəallıq etməsinin qisasını, onun atasından alır.
Vaşinqtondakı aksiya mənə də baha başa gəldi. O aksiya barədə yazdığım yazı böyük rezonans dogurdu. İki gün sonra Ali Məhkəmə evimin əlimdən alınması barədə tələsik qərar verdi. Halbuki məhkəmənin mart ayında olacağı, mənə və vəkilimə heç olmasa bir vəsatət qaldırmaq üçün şərait yaradılacağı gözlənilirdi.
Mühacirlər hakimiyyətin üzərinə yeridikçə, bunun qisası ölkədə qalanlardan alınır. Bizə verilən məlumata görə, Mehmah Hüseynovun paylaşımlarını bəyəndiklərinə və şərh etdiklərinə görə Azərbaycanda onlarla sosial şəbəkə istifadəçisi həbs edilib…
Nigar Həzi yazır:
“…Tofiq Yaqublu 3 gündür ki, karserə salınıb. Hələ də karserdədir. Onun barəsində İlham Əliyevin əmri ilə 7 sutka karser cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub. Halbuki keçən bazar günü biz görüşəndə demişdi ki, bir neçə gün qabaq kameraya yoxlamaya gəlmişdilər. Yoxladılar və getdilər.
Vəkil Nemət Kərimli Tofiq Yaqublu ilə görüşəndə onun xeyli sınıxdığını görüb. Məlum olub ki, o, əsassız yerə karserə salındığı üçün, qanunsuz məhkəmə hökmunə və U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi -ABŞ administrasiyasın insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumduğuna görə aclıq aksiyasına başlayıb.
İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyifini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır.
Bütün siyasi məhbuslara qarşı total sərt davranışlara keçmək əmri verilib.
Tofiq Yaqubluya qarşı davranış İlham Əliyevin açıq qərəzi və qisasıdır!
İlham Əliyev Tofiq Yaqublunu həbsxanada öldürəcək. Bu, o qədər açıq görünür ki”.

