Ermənilər sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı görüş keçirməyi təklif edirlər
Şənbə günü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifini göndərib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Belə bir görüşün məqsədi “Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari problemlərin müzakirəsidir”.
Görüşün yeri açıqlanmayıb. Bundan əvvəl Qriqoryanla Mustafayev arasında görüşlər Moskvada keçirilib.
Qeyd edək ki, bir neçə gündür ki, sərhədin müxtəlif hissələrində atışmalar gedir. Azərbaycan sərhədçisinin Ermənistan tərəfinin açdığı atəş nəticəsində yaralanmasından sonra vəziyyət kəskin şəkildə gərginləşib. Bu, iyunun 15-də Laçın sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpünün girişində sərhədçilər Azərbaycan bayrağını qaldırdığı vaxt baş verib.