Eldar Həsənov həbsinin girovla əvəzlənməsini istəyir
Keçmiş baş prokuror Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsini istəyir, onun vəkili Adil İsmayılov bildirib. O bildirib ki, sabiq səfirin səhhəti “heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər”.
Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur.
O bu ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir, vəkili açıqlayıb.
Adil İsmayılov əlavə edib ki, Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur, ancaq o, son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzatərində olub, mütəmadi dərmanlar qəbul edir və səhhəti hər an kritikləşə bilər, vəkil deyib.
Adil İsmayılov qeyd edib ki, Eldar Həsənov az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir.
Vəkil deyib ki, müdafiə tərəfi Eldar Həsənovun yaşını və digər faktorları nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət edəcəklər.
BBC