Biləcəri bələdiyyəsi köhnə tarixlə torpaq satır? İddia
Azərbaycanda bələdiyyələrin torpaq satması, yaxud icarəyə verməsi 2007-ci ildən qadağan olunub. Lakin Binəqədi rayonundakı Biləcəri bələdiyyəsi bu qadağaya məhəl qoymur. Redaksiyamıza bu iddia ilə çıxış edən bir qrup Biləcəri sakininin şikayəti daxil olub.
Biləcəridəki Məmməd Səid Ordubadi küçəsi sakinlərinin imzaladığı şikayətdə bildirilir ki, qonşular məsələ ilə əlaqədar ölkə başçısı İlham Əliyevə və digər dövlət qurumlarına müraciət ediblər. Həmin şikayətə müsbət cavab da verilib.
“Cənab prezidentin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidə olub müvafiq aktlar tərtib ediblər” – deyə, şikayətçilər bildirir.
Nazirliyin şikayətçilərə verdiyi birinci cavab məktubunda həmin ərazidə olan 117 ədəd müxtəlif növ ağacın, 11 ədəd dekorativ bitkilərin, ikinci məktubda isə 336 ağacın qeydə alındığı bildirilib. Ağacların qorunması müvafiq icra hakimiyyəti, Dövlət Təhlükəsizlik Xidməti və digər əlaqədar dövlət qurumlarına tapşırılıb.
“Hal-hazırda əksəriyyəti eldar şamı və sərv olmaqla ağacların sayı 400-dən çoxdur. Eyni zamanda ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərən və mühafizəsini həyata keçirmək üçün Binəqədi rayon İcra Hakimiyyətinə və Biləcəri Bələdiyyəsinə məktub ünvanlanmış, gələcəkdə layihələndirilmə işləri aparılacağı təqdirdə, yaşıllıqların nəzərə alınması məqsədilə Dövlət Arxitektura və Şəhərsalma Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə məktub göndərilib” – deyə, redaksiyamıza təqdim olunan müraciətdə vurğulanır.
Şikayətçilər qeyd edir ki, 2014-cü ilə qədər bu ərazidən Dövlət Neft Şirkətinin mazut kəməri keçib, və hər hansı bir qurum kəmərin altındakı ərazini kiməsə sata, yaxud icarəyə verə bilməzdi: “2014-cü ilə qədər oradan mazut kəmərinin keçdiyi sputnik görüntülərində açıq aşkar görünür və 2004-2007 -ci il tarixində biz qonşulara satılan torpaqların qərarına əlavə edilən sxem də təsdiq edir. Buna baxmayaraq bugün belə həmin ərazini 2004-2007 ci il tarixli saxta sənədlərlə və mazut borusunun orada olmadığı sxemlə fərqli insanlara satmaq istəyir”.
Şikayətçilər bildirir ki, yaşadıqları ərazidə ağacları qoruduqları və qanunsuzluğa müqavimət göstərdikləri üçün təzyiqlərlə üzləşiblər: “Bələdiyyə işçiləri biz qonşulara mənəvi və psixoloji təsir edərək, ağacların qırılmasına cəhd göstərirlər. Ona görə biz qonşular yenidən prezident İlham Əliyev cənablarına və digər dövlət qurumlarına müraciət etmişik”.
Şikayətçilər ölkə başçısına ünvanladıqları məktubun sürətini, sözügedən ərazinin sputnik görüntüsünü, onlara verilmiş bələdiyyə sənədinin sxeminin surətini, saxta sənədlə verilmiş sxemin surətini sübut olaraq redaksiyamıza təqdim ediblər.
Sənədlərin arasında bələdiyyənin şikayətçilərə verdiyi cavab məktubunun surəti da var ki, burada da iddianın əsaslı olduğu ortaya çıxır.
Dövlət başçısına ünvanlanan şikayəti Elxan Rəhimov, Vuqar Badalov, Roman Ələkbərov – ümumilikdə 31 nəfər imzalayıb.
Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı, onun xidməti telefon nömrəsinin müvəqqəti olaraq aktiv olmadığı bildirildi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Basta