Qubad İbadoğlunun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Nərimanov Rayon Məhkəməsində ADR partiyasının sədri Qubad İbadoğlu barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

O, “Külli miqdarda saxta pul hazırlama, əldə etmə və ya satma” maddələri ilə ittiham olunur. Onu 8 ildən 12 ilə qədər həbs gözləyir. İqtisadçı həbsinin İlham Əliyevin sifarişi ilə olduğunu bildirib.

***

İstintaq müxalifətyönlü siyasətçi Qubad İbadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədilə istehsal, habelə saxta pul və ya xarici valyutanın alınması və ya satılması) maddəsilə irəli sürülmüş ittihamı 204.3.1-ci maddəyə (eyni hərəkətlər mütəşəkkil qrup tərəfindən törədildikdə) tövsif edərək ağırlaşdırıb.

İstintaq orqanı İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov Rayon Məhkəməsinə təqdimat verib, vəkil Zibeydə Sadıqova bildirib.

Yaxın saatlarda məhkəmə təqdimata baxacaq.

Əgər 204.1–ci maddə üzrə İbadoğlunu 5 ildən 7 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyirdisə, 204.3.1-ci maddə üzrə 8 ildən 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

***

Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb.

“Turan”ın məlumatına görə, bu barədə siyasətçinin qızı bildirib.

«Onu hal-hazırda «bandotdelin» zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur.  Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündü. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər», – daha sonra Bayramova bildirib.

Vəkil Zibeydə Sadıqova Qubad İbadoğlunun 204-cü maddə ilə şübhəli şəxs qismində istintaqa cəlb edildiyini təsdiqləyib. 

***

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov jurnalistlərə deyib ki, iyulun 23-də Qubad İbadoğlunun adına olan mənzilin qapısının qıfıllarından birini onun açarı ilə aça bilməyib.
“Qapını aça bilmədik. Qapının iki qıfılı var. Onlardan yuxarı hissədə olan qıfıl açılsa da, aşağı hissədə olan qıfıl açılmadı. Mən Qubad bəyə zəng etdim. O dedi ki, günorta özü gələcək. Mən fikirləşdim ki, məndəki açar dublikatıdır, ona görə ilişir. Çox çalışıdım, ancaq qapını aça bilmədim. Hesab edirəm ki, evdən nə isə tapılıbsa, əvvəlcədən oraya qoyulub və saxta ittihamı əsaslandırmaq üçündür. Mən bilirəm ki, Qubad bəyin hər hansı fetoçu ilə əlaqəsi yoxdur. Qubad bəy Azərbaycanı sevən, ölkənin sosial rifahının inkişafı üçün çalışan ləyaqətli insanlardan biridir”, o qeyd edib.
Daxili İşlər Nazirliyi bildirir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə “fetoçular” (Türkiyə hakimiyyəti Gülən tərəfdarlarını FETÖ adlandırır) ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
“Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.