XİN Laçın loyu ilə bağlı danışıqların detallarını açıqladı
Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş səylər Ermənistanın düşünülmüş gərginlik və revanşizm siyasətinin qurbanı olub və ciddi problemlərlə üzləşib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 14 avqust tarixli məlumatında deyilir.
“Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası alətinə çevirməyə çalışır. Eyni zamanda, Ermənistan 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz geri çağırılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan ölkədir.
“Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir”.
Ermənistanın son üç ildə Laçın yolundan mütəmadi olaraq sui-istifadə etməsi Azərbaycanı öz sərhədində təhlükəsizliyi və asayişi təmin etmək üçün sərhəd-keçid məntəqəsi yaratmaq üçün qanuni addımlar atmağa məcbur edib. Ermənistan bu səyləri “blokada” kimi təqdim etməyə çalışsa da, nəzarət-buraxılış məntəqəsinin ləğvi ilə bağlı qərarın çıxarılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etsə də, məhkəmə iyulun 6-da verdiyi qərarda bu tələbi yekdilliklə rədd edib.
Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb.
“Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib”.
Bu yaxınlarda bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi.
“Yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi.
Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.
İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.
Yəni Ermənistanın beynəlxalq ictimaiyyətdən, BMT Təhlükəsizlik Şurasından tələb etdiyi şey bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi ilə əldə edilə bilərdi. Amma bu, təkcə Ermənistanın imtinasına görə baş vermədi.
Əgər Ermənistan və onun qondarma strukturu müqaviləni yerinə yetirsəydi, avqustun əvvəlinə qədər Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, insanların, yüklərin və nəqliyyat vasitələrinin keçidi asanlaşdırılmaqla məsələ həllini tapardı”, – deyə bəyanatda bildirilir.
Bundan əlavə, son vaxtlar Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə “Azərbaycan Hava Yolları”nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
“Hazırkı kritik mərhələdə mövcud risklərin aydın başa düşülməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat cavabı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin üzləşdiyi çətinliklərin aradan qaldırılması və erməni əsilli yerli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası üçün həmişəkindən daha vacibdir.
Regionda davamlı sülh üçün tarixi fürsətin əldən verilməməsini təmin etmək vacibdir”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.