Kəlbəcərdə erməni deversant ələ keçdi
Avqustun 16-da saat 11:15-də Kəlbəcər rayonu ərazisində erməni diversiya-kəşfiyyat qrupunun üzvü saxlanılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qrup üzvləri İstisu qəsəbəsi yaxınlığındakı əraziyə dərindən nüfuz etməyə cəhd ediblər. Qrupun içəri daxil olmasının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən alınıb. Nəticədə qrupun bir yaralı üzvü saxlanılıb, qalanları qaça bilib.
Günün ikinci yarısında Azərbaycan Müdafiə Nazirliyi saxlanılan erməni hərbçinin adını və fotosunu dərc edib. Bu, 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotdur.
Saxlanılan zaman onun əlində RPK markalı yüngül pulemyot və döyüş sursatları olub. Dindirilmə zamanı Voskanyan ifadə verib ki, 44 günlük müharibənin iştirakçısı olub. Yüngül xəsarət alan Voskanyana tibbi yardım göstərilib.
Qeyd edək ki, Ermənistan KİV-i döyüş mövqelərinin birindən öz hərbçisinin itkin düşməsi barədə məlumat yayıb. Erməni tərəfi iddia edir ki, o, “döyüş mövqeyini özbaşına tərk edən” ehtiyatda olan hərbçidir.