Ukraynalı uşaqların Belarus əsirliyi
Rusiya işğal etdiyi Ukrayna ərazilərində oğurladığı uşaqların 2 mindən çoxunu dəmiryolu ilə Belarusa daşıyıb. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzeti belə yazır.
Mövzunu araşdıran qəzet Belarus hökumətinin açıq məlumatlarına, həmçinin ölkənin ən iri dövlət şirkətlərindən olan “Belaruskali”dən və Rusiya Dəmir Yollarından sızan sənədlərə istinad edib. Araşdırmaya əsasən, ukraynalı uşaqların Belarusa daşınmasını “Belaruskali” maliyyələşdirib. Uşaqlar ayrı-ayrı vaxtlarda qrup şəklində əvvəlcə qatarla Belarusun paytaxtı Minskə, oradan isə “Şaxtyor” (Soliqorsk) futbol klubuna aid avtobuslarla ölkənin cənubundakı yay düşərgəsinə aparılıb.
“Şaxtyor”un sponsoru “Belaruskali”nin baş direktoru İvan Qolovatıdır. Klub 2022-ci ildə Belarus çempionu olsa da, danışılmış oyunlara görə tituldan məhrum edilib.
“Belaruskali” şirkəti “Wall Street Journal”ın məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.
Belarusun Prezident Administrasiyası, “Şaxtyor”un mətbuat xidməti də qəzetin sorğularını cavabsız qoyub.
“Belaruskali”nin dünyanın ən böyük kalium gübrələri istehsalçılarından olduğunu, eyni zamanda ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qaldığını xatırladan “Wall Street Journal” qəzeti yazır ki, bu şirkətdən sızan sənədlər 2022-ci ilin yazından bəri ukraynalı uşaqlardan ibarət yeddi qrupun Belarusun cənubundakı Dubrava uşaq düşərgəsinə gətirildiyini təsdiqləyir: “Hər qrupda 300-dən çox uşaq olub. Onların daşınmasına, düşərgələrdə saxlanmasına milyonlarla dollar xərclənib”.
Bəs sənədlər necə sızıb? Qəzet bildirir ki, Belarusun mühacirətdə olan müxalif siyasətçisi Pavel Latuşkonun rəhbərlik etdiyi analitik mərkəzin – Polşanın paytaxtı Varşavada yerləşən Milli Böhran İdarəetmə Qrupunun mütəxəssisləri Rusiya Dəmir Yollarının və “Belaruskali”nin məlumat bazalarına daxil ola bilib. Bəzi sənədləri isə Belarus müxalifətinə “Belaruskali”nin məsul əməkdaşları ötürüb.
Sənədləri araşdıran, o cümlədən Dubrava düşərgəsindən sosial mediada paylaşılmış fotoşəkilləri təhlil edən qəzet belə bir qənaətə gəlib ki, düşərgədə ukraynalı uşaqlara silahdan istifadə qaydaları öyrədilir: “Şəkillərdən uşaqların pravoslav keşişləri ilə görüşdüyü, Rusiya prezidenti Vladimir Putini tərifləyən tamaşalara baxdığı da bəlli olur. 2022-ci ilin oktyabr ayında çəkilən və sosial mediada yerləşdirilən bir videodan görünür ki, iki qadın kiçik teatr binasına yığışmış bir qrup uşağı Vladimir Putini tərifləməklə, ABŞ prezidenti Cozef Baydenə və Ukrayna prezidenti Vladimir Zelenskiyə isə ölüm arzulamaqla əyləndirir. Qadınlardan biri əlində mikrofon səhnənin işıqları və uşaqların alqış sədaları altında “Qoy Putin udsun, bütün Ukrayna onun nəzarəti altına keçsin” deyir.
Milli Böhran İdarəetmə Qrupu düşərgə rəsmilərindən əldə etdiyi məlumatlardan yararlanmaqla həmin videodakı uşaqların kimliyini müəyyənləşdirə, onların ukraynalı olduğunu öyrənə bilib. Video Ukraynadakı uşaq evlərinin işçilərinə də göstərilib. Aydın olub ki, həmin uşaqların bəzisi oğurlanana qədər Ukraynada uşaq evlərində saxlanan kimsəsizlərdir”.
“Wall Street Journal” vurğulayır ki, kimsəsiz uşaqların Ukrayna hökumətinin rəsmi icazəsi olmadan ölkədən çıxarılması beynəlxalq hüquqa zidd, hərbi cinayətdir: “Moskva işğal etdiyi Ukrayna ərazilərini Rusiyanın bir hissəsi sayır. Ancaq Rusiyanın bu iddiası beynəlxalq səviyyədə tanınmayıb. Beynəlxalq aləm həmin əraziləri Ukrayna torpağı kimi qəbul edir.
Valideynləri olan uşaqlara gəlincə, onların ailələrinin öz övladlarının Belarusa köçürülməsinə razılıq verib-vermədiyini müəyyənləşdirmək mümkün olmayıb.
Ukrayna hökuməti 2022-ci ilin fevralında total müharibə başlanandan bəri Rusiyanın onun ərazisindən 20 minə yaxın uşağı oğurladığını açıqlayıb. Həmin uşaqların bir hissəsi Rusiyadakı yay düşərgələrinə aparılıb. Sonradan uşaqların yalnız bir qismi ailələrinə qaytarılıb. Kiyev hesab edir ki, Moskva ukraynalı uşaqların beynini yumaq, onlara ruspərəstliyi aşıqlamaq üçün oğurlayır”.
Mənbə: Wsj.com