Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatı imzalayıb
Cümə axşamı Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıyan bəyanatı imzalayıb.
Bəyanat İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan, Almaniya, Fransa və Avropa İttfaqı liderlərinin iştirakıyla imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi İcmasının sammitinə qatılmaqdan imtina edib.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Almaniya, Fransa və Avropa İttfaqı liderlərinin iştirakıyla beştərəfli görüşü nəzərdə tutulmuşdu.
Azərbaycan Türkiyənin də bu görüşdə iştirakını istəyirdi.
Paşinyanla bərabər Avropa İttifaqı Şurasının Pprezidenti Charles Michel, Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Olaf Scholz-un da imza atdığı bəyanatda “Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına” dəstək verildiyi bildirilib.
Bəyanatda vurğulanıb ki, onlar Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Bəyanatda vurğulanıb ki, onlar Qarabağı tərk edərək Ermənistana yerləşmiş ermənilərlə bağlı ehtiyacları qarşılamaq üçün Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyi barədə razılığa gəliblər.
“Bu qaçqınlar öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə yanaşılmaqla azad şəkildə həyata keçirməlidirlər”, – bəyanatda bildirilib.
Bəyanada o da bildirilib ki, tərəflər SSRİ Baş Qərargahının tərəflərə təqdim edilmiş ən son xəritələri əsasında sərhədin delimitasiyası istiqamətində təcili iş aparmalıdırlar.
Məlumata görə, bu xəritələr həm də hərbi qüvvələrin distansiyası, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.
Sənəddə tərəflər daha geniş regional əməkdaşlıq üçün bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin yenidən açılmasına, habelə ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət əsasında bərabərlik və qarşılıqlılıq prinsiplərlə regional kommunikasiyaların açılmasına çağrılıb.
Avropa liderləri Ermənistan və Azərbaycanı, həmçinin bütün məhbusları azad etməyə, itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə işini asanlaşdırmaq üçün əməkdaşlığa çağırıblar.
Rəsmi Bakı “Aİ, Azərbaycan və Ermənistan formatında görüşə hazırdır”, – Hikmət Hacıyev
Rəsmi Bakı Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında tezliklə üçtərəfli görüşlərə hazırdır, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb.
Hikmət Hacıyev bildirib ki, Fransanın regionda “qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar verib”.
Hikmət Hacıyev yazıb ki, bəzi media resurslarında Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil və rəsmi Bakı Aİ Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir.
Qranada görüşünə qatılmaqdan imtina edən İlham Əliyevə Almaniya kansleri zəng edib
Almaniya və Azərbaycan regionda sülhü hədəfləyən, “Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in rəhbərliyi ilə aparılan Brüssel prosesini yaxından dəstəkləyir”, – Almaniya kansleri Olaf Scholz və Prezident İlham Əliyev telefon danışığında vurğulayıblar, Azərtac yazıb.
Prezident Administrasiyası Almaniya kanslerinin çərşənbə günü İlham Əliyevə zəng etdiyini açıqlayıb. Həmin gün İlham Əliyevin İspaniyanın Qranada şəhərində cümə axşamı günü olacaq Avropa Siyasi Birliyinin sammitinə qatılmaqdan imtina etməsi xəbəri yayılmışdı.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Almaniya, Fransa və Avropa İttfaqı liderlərinin iştirakıyla beştərəfli görüşü nəzərdə tutulmuşdu.
Rəsmi Bakının Qranada görüşündən imtinasına səbəblərdən biri kimi Türkiyənin bu formata daxil edilməsini istədiyi halda buna imkan verilməməsi və “beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havasının formalaşması” göstərilir, APA çərşənbə günü öz mənbəsinə əsasən yazıb.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsindən təəssüfləndiyni deyən Ermənistan Baş naziri Nikol Paşinyan onunla görüşdə “vacib sənəd” imzalamağa hazırlaşdığını açıqlayıb.
Almaniya hökuməti bildirib ki, Kansler Olaf Scholz oktyabrın 4-də İlham Əliyevlə telefon danışığında “hərbi gücdən istifadəni” rədd etdiyini bildirib, bundeskanzler.de saytı yazıb.
“O vurğulayıb ki, Federal hökumət Azərbaycan və Ermənistan arasında hər iki ölkənin ərazi bütövlüyü prinsipi əsasında danışıqlar yolu ilə həllinə və davamlı sülhə qətiyyətlə sadiqdir”, – məlumatda deyilib.
Kansler Dağlıq Qarabağdakı vəziyyət və onun inkişafı ilə bağlı mümkün olan maksimum şəffaflığın vacibliyini vurğulayıb, – bundeskanzler.de yazıb.
Azərtac xəbər verir ki, Almaniya Kansleri İlham Əliyevlə “regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb”.
“Olaf Scholz region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. … Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib”, – sayt yazır.
BBC Azərbaycanca oktyabrın 4-də Avropa İttifaqı Şurasının ofisindən və İspaniya Prezidentinin mətbuat ofisindən, o cümlədən Azərbaycan Prezident Adminstrasiyasından İlham Əliyevin səfərinin təxirə salınıb-salınmamasına cavab ala bilməyib.
Paşiyan: “Mən bu sənədi imzalamağa hazıram”
Çərşənbə günü Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qranada şəhərində İlham Əliyevlə “vacib sənəd” imzalamağı planlaşdırıbmış, TASS yazıb.
“Son ana qədər və hətta bu gün də biz Qranadaya səfəri təsdiqlədik. Qeyd etmək istərdim ki, biz çox konstruktiv və nikbin idik. Çünki biz əlamətdar sənədi imzalamaq üçün imkan olduğuna inanırdıq. Məlum oldu ki, planlaşdırılan görüş baş verməyəcək və burda bizim təqsirimiz yoxdur. Ümid edirik ki, masanın üzərində olan konseptual sənəd lazımi anda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram. Təəssüf edirəm ki, sabah mənim belə mühüm qərarı elan etmək imkanım olmayacaq”, – Nikol Paşinyan parlamentdə çıxışında deyib.
Rəsmi Bakı Paşinyanın bu açıqlamasını hələ ki, şərh etməyib.
BBC