Xankəndidəki partlayışın yeni təfərrüatları: “Benzin çənini deşməyə çalışırdılar”

 

Sentyabrın 25-də Xankəndi-Əskəran avtomobil yolunun yaxınlığındakı yanacaq bazasında baş verən güclü partlayışın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İndiyədək müxtəlif fərziyyələr irəli sürülüb.

Bəziləri yanğının siqaretin alışması nəticəsində baş verdiyini deyir.

Həmin günlərdə Azərbaycanın Qarabağa 30 ton benzin və 34 ton dizel yanacağı göndərdiyi nəzərə alınaraq,  bunun Azərbaycan tərəfindən təşkil olunduğuna dair əsassız iddialar da irəli sürülüb.

Ermənistanın “Haykakan Jamanak” nəşri Qarabağdakı partlayışın bəzi yeni təfərrüatlarını öyrənib. Qarabağdakı artıq buraxılmış separatçı rejimin “güc strukturlarından birinin əməkdaşı” məlumat verib ki, həmin gün Qarabağ sakinlərinə Ermənistana gedə bilmələri üçün pulsuz verilən benzinin  ümumiyyətlə Azərbaycana aidiyyatı olmayıb: “Əhaliyə, Müdafiə Ordusunun ehtiyat yanacağı paylanılıb”.

Mənbənin sözlərinə görə, proses tənzimlənməyib və hamı bacardığı qədər benzin götürüb.

“Bir neçə yerdən benzin gəlirdi, basabas yaranmışdı, insanlar tez kanistralarını doldurub  getməyə çalışırdılar. Bu zaman sakinlərdən biri drel ilə benzin çənini deşməyə çalışıb, nəticədə partlayış olub”, – hadisə şahidi bildirib.

Xatırladaq ki, sentyabrın 25-də Xankəndi-Əskəran avtomobil yolunun yaxınlığındakı benzin anbarında baş verən partlayış nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb.

Basta