HƏMAS-ın İsrailə hücumu: 22 məntəqədə döyüşlər davam edir
İsrail Səhiyyə Nazirliyi bildirir ki, HƏMAS qruplaşması üzvlərinin bu gün İsrailə qarşı misli görünməmiş hücumu nəticəsində azı 100 nəfər ölüb, 985 nəfər yaralanıb və xəstəxanalara aparılıb, Times of Israel xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin baş sözçüsü kontr-admiral Daniel Hagari HƏMAS-ın Qəzza zolağında israilliləri girov götürdüyünü təsdiqləyib.
O, jurnalistlərlə keçirdiyi brifinqdə deyib ki, döyüşlər zamanı İsrail əsgərləri də həlak olub.
Girovların və həlak olan əsgərlərin sayı barədə heç bir rəqəm verilmir.
Haqari qeyd edib ki, İsrailin cənubunda 22 məntəqədə döyüşlər hələ də davam edir.
O, İsrail əsgərlərinin Qəzza sərhədi boyunca yerləşən bütün şəhərlərə çatdığını və hər birini skan etmək üçün çalışdığını bildirib.
İsrail rəsmisi bildirib ki, dörd diviziya artıq orada olan 31 batalyona qoşularaq Qəzza sərhədinə doğru hərəkət edir.
***
Bu gün səhər saatlarında Qəzza zolağından İsrailə endirilən çoxsaylı raket zərbələrindən sonra ölənlərin sayı 40 nəfərə çatıb, yaralananların sayı 770-i keçib.
***
İsrailin Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Fələstinin hücumu nəticəsində “azı 22 nəfər ölüb”. Reuters İsrailin səhiyyə nazirinə istinadən 545 yaralının olduğunu yazıb.
İslamçı Həmas qruplaşması şənbə günü İsrailə qəfil hücum edib. İsrail ordusu hücuma cavab olaraq, “müharibə hazırlığı” elan edib və ehtiyatda olan hərbçiləri orduya çağırıb.
Bu arada, BBC News-un təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner İsrail hökumət rəsmilərinə istinadən, “İsrail kəşfiyyatının Həmasın bu, kütləvi və yaxşı koordinasiya edilmiş hücumu ilə bağlı öncədən məlumatlı olmaması ilə bağlı “böyük araşdırma” aparıldığını yazır.
“Biz müharibədəyik”, İsrailin Baş naziri Benjamin Netanyahu X hesabında paylaşılan video postunda deyib.
Netanyahu-nun bəyanatını tərcümə edən Reuters-in yazdığına görə, Baş nazir “düşmənimiz heç vaxt bilmədiyi bir qiymət ödəyəcək” deyib. O bildirib ki, İsrail müharibədədir: “Və biz qələbə qazanacağıq”.
Sosial şəbəkələrdə paylaşılan videolarda fələstinli silahlıların İsrailin Sderot şəhərində küçədə yoldan keçənlərə atəş açdığı görünür, David Gritten BBC News-da yazır.
İsrailin müdafiə naziri bildirib ki, Həmas onun ölkəsinə qarşı “ciddi səhv edib və müharibəyə başlayıb”.
Bundan əvvəl İsrailə onlarla raket atılıb və ölkəboyunca hava hücumu həyəcanı işə salınıb. İsrail də Qəzzadakı hədəflərə cavab zərbələri endirib.
Təl-Əviv yaxınlığında və Qəzza ətrafı ərazilərdə partlayışların baş verməsinə dair xəbərlər yayılıb.
Fələstinin silahlı qruplaşması olan Həmas silahlıları 20 dəqiqə ərzində 5 min raket zərbəsi endirdiyini bildirərək hücuma görə məsuliyyəti üzərinə götürüb.
“İsrail kəşfiyyatının böyük uğursuzluğu”
Frank Gardner
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbirinin təhlili
Bu, İsrail kəşfiyyatının böyük uğursuzluğudur.
Bu ölkə Yaxın Şərqin həm daxildə, həm də xaricdə ən böyük və inkişaf etmiş kəşfiyyat şəbəkələrindən birinə sahibdir.
Onun yalnız Fələstin ərazilərində deyil, Livanda, Suriyada və başqa yerlərdəki silahlı qruplaşmalarda yerləşmiş məlumat mənbələri var.
O, keçmişdə hərbi liderlərə ya dəqiq dron zərbələri ilə, ya da cib telefonları vasitəsilə sui-qəsd edə bilib.
Ancaq bu gün yəhudilərin bayramının sonunda “yuxuya getdiyi” görünür.
Həmas diqqətlə hazırlanmış bu hücumu İsrailə qarşı tamamilə məxfilik şəraitində planlaşdırıb həyata keçirə bildi.
İsrailin buna ağır cavab verəcəyi bəllidir. Ancaq indi israillilər sual edəcəklər ki, niyə onların casusları ölkəni xəbərdar etmək üçün bunu əvvəldən görə bilmədilər?
Ashkelon-dakı Barzilai xəstəxanası bəzilərinin vəziyyəti ağır olan 68 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Beer Sheva-dakı Soroka xəstəxanası isə bildirib ki, buraya da aralarında ağır vəziyyətdə olanlar da daxil olmaqla 80 nəfər yaralı daxil olub.
İsrail Müdafiə Qüvvələri (İMQ) qruplaşmanın “Qəzza zolağından İsrail ərazisinə kütləvi raket zərbələri endirməyə başladığını” və yaraqlıların “müxtəlif yerlərdən” İsrail ərazisinə daxil olduğunu bildirib.
Bəyanatda Baş Qərargah rəisinin “vəziyyəti qiymətləndirdiyini” və Həmas-ın “bu hadisələrin nəticələri və məsuliyyəti ilə üzləşəcəyi” bildirilir.
Həmçinin, o da vurğulanıb ki, Qəzza zolağının ətrafındakı sakinlərdən çölə çıxmamaq, cənub və mərkəzi bölgələrdəki mülki şəxslərdən isə “sığınacaqlara yaxın qalmaq tələb olunur”.
“Reuters” xəbər agentliyinin kadrlarında İsrail yanğınsöndürənlərinin Aşkelon şəhərində alovla mübarizə aparması, yanmış avtomobillərin tüstüləməsi görünür.
İsrail Baş nazirinin ofisi açıqlayıb ki, raket zərbələri nəticəsində təhlükəsizlik xidməti rəhbərlərinin görüşü olmalıdır.
BBC