“Azərbaycanın 8 kəndi hələ işğal altındadır”

Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.

Rəsmi Bakının məlumatına görə, telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İlham Əliyev qeyd edib ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub.

O, mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib.

İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, anklav ərazilərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Basta