“Putin sizi devirəcək. Va-bank gedin”. Saakaşvilidən Paşinyana açıq məktub
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb. Məktubun mətni Gürcüstan və Ermənistan mediasında dərc edilib.
“Mən sizə ilk dəfə və publik olaraq müraciət edirəm, çünki regionumuzun və Ermənistanın taleyindən çox narahatam. Bu yaxınlarda MDB sammitində bu təşkilatın dağılmasında məni günahlandıran Rusiya prezidenti Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq sizə bir neçə məsləhət vermək istəyirəm. Siz hakimiyyətə xalq etirazları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, rəngli inqilab nəticəsində gəlmisiz və inanın ki, siz nə qədər onun xoşuna gəlməyə çalışsanız da, and içsəniz də, o sizi heç vaxt bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də Roma statutunun ratifikasiyasından sonra o, sizin qəvi düşməninizdir və əlində olan bütün imkanlardan istifadə etməklə, daxili iğtişaşlar, hərbi təxribatlar törətməklə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və bütün hibrid mübarizə üsullarından istifadə edəcək.
Vaxtınızın az olduğunu bilməlisiniz. Hakimiyyətə gələndən sonra siz köklü islahatlar apara bilmədiniz, ona görə də indiki dövlət aparatınız doğrudan da Kremlin beşinci kolonudur. Avropaya inteqrasiya üçün gecikmisiniz.
Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar verir. Müəyyən müddətdən sonra biz sərhədləri açaraq üç Baltikyanı ölkələr kimi yaşaya bilərik. Hər üç dövlətin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada biləcəyik. Ancaq bunun üçün tələsməli və bütün tərəddüdləri bir kənara qoyub va-bank getməli olacaqsınız. Rusiya hərbi bazasının dərhal çıxarılmasını, ölkənin MDB-dən, KTMT-dən, Gömrük İttifaqından çıxarılmasını təmin edin və Avropa İttifaqına və NATO-ya üzvlük üçün ərizə verin.
2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozo ilə İrəvana uçduq ki, sələfinizi Moskvanın himayəsi altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmaq üçün boşuna cəhd etdik.
Və nəhayət, siz Azərbaycanla açıq dialoqa gedib dərhal sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız.
Ümid edirəm ki, şəxsi cəsarətiniz və siyasi iradənizlə Putinin sizi və eyni zamanda ölkənizi məhv etməsinə, bütövlükdə regionumuzu tamamilə sarsıtmasına imkan verməyəcəksiniz.
Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.
Basta