İntihar edən həkimin qardaşı bunda polisi günahlandırır
Yevlaxda həkim-stomatoloq Nicat Əjdərli intihar edib.
Bu barədə Turan-a onun qardaşı Samir Əjdərli bildirib. Onun sözlərinə görə, oktyabrın 19-da həkimi Yevlax rayon polis şöbəsinə aparıblar.
“Bundan əvvəl bir neçə ay Hikmət adlı polis işçisi və rəis müavini Elsevər qardaşımdan hər ay 1-2 min manat pul tələb ediblər”, – mərhumun qardaşı bildirib.
Hadisə günü iki polis əməkdaşı gəlib Nicat Əjdərlinin yanına gələrək polisə aparıblar. Orada 4-5 saat saxlayıblar. “Mən onun ardınca gedəndə mənə dedilər ki,” hörmət” əlaməti olaraq qardaşımı cəmi 1 min manata buraxarlar”, – Samir Əjdərli qeyd edib.
Yolda diş həkimi qardaşına deyib ki, ona fiziki və mənəvi təzyiq göstərərək pul tələb ediblər.
Bundan sonra o, evə gedərək intihar edib. Cibinə yazıb qoyub ki, ” bağışlayın, mənim canımı boğaza yığdılar”, – qardaşı deyib.
İntihardan sonra hüquq-mühafizə orqanları onun yaxınlarını istintaqa cəlb etməyib. Polis onun sərxoş vəziyyətdə maşın sürdüyünə dair protokol tərtib edib. “Ancaq qardaşım polisə maşınla getmədi. Onun avtomobili evin yanında dayanmışdı”, – Samir Əjdərli deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun rəhbəri Aslan Giyaslı Turan-a bildirib ki, Əjdərlinin ölümü prokurorluq tərəfindən araşdırılır.
Sonradan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, oktyabrın 18-də saat 15:30-da Nicat Raqif oğlu Əjdərli narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsilə əlaqədar polisə dəvət olunub və orada narkoloq-həkim tərəfindən müayinə edilib.
“Tibbi müayinə zamanı müəyyən edilib ki, o, sərxoş vəziyyətdə avtomobili idarə edib, bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilib və o buraxılıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq, ölüm səbəblərilə bağlı iddialar hüquqi əsası olmayan şəxsi mülahizələrdir”.
Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
Turan