Şuşanın işğaldan azad olunduğu gün
Bu gün, noyabrın 8-də Şuşanın işğaldan azad olunmasından 3 il ötür.
2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.
Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına kəndirlərlə dırmaşaraq, səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib.