Azərbaycan hökumətinin vəsaiti ilə ABŞ-da təhsil alan minlərlə gənc “agent” adlandırıldı

Bu, Baku TV və “Qafqazinfo” resurslarında səfirliyin  “casus şəbəkəsi” və “ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş” şəxslərlə görüş təşkil etməsi barədə xəbərlərdən sonra baş verib.

Bu ittihamlara və görüşə münasibət bildirən ABŞ-ın Bakıdakı səfirliyi Turanın sorgusuna belə cavab verib:

“Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış məzunlardan ibarət Azərbaycan icmasının nailiyyətlərini və onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi.

Bu yubileylər səfirliyin illik məzunlar tədbirini bu il daha da xüsusi edib.

Tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi.

Tezliklə yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik”, – səfirliyin cavabında deyilir.

Qeyd edək ki, ABŞ-da təhsil almış və almaqda olanların bir çoxu, yəni bir neçə min nəfər, Azərbaycan hökumətinin dəstəyi ilə ora gediblər. Bir neçə il əvvəl gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi ilə bağlı dövlət proqramı yaradılmışdır. Bu gənclərin əksəriyyəti ABŞ-da təhsil alıb və indi təhsil alırlar. Onların təhsil xərclərini Azərbaycan hökuməti ödəyib.

Eyni zamanda, namizədlər çox diqqətlə seçilirdi.

İndi belə çıxır ki, hakimiyyət gələcək “Amerika agentləri”ni ölkə büdcəsindən özləri maliyyələşdirib?

Turan