Aİ: “Azərbaycan ifadə azadlığını boğur”
Azərbaycan “öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir”, – Avropa İttifaqının (Aİ) son bəyanatında deyilir.
Qurumun məlumatında bildirilir ki, Azərbaycan “ifadə azadlığını boğur”, BBC xəbər verir.
“Azərbaycanda jurnalistlər, siyasi fəallar saxlanılır, həbs edilir. İnsan hüquqları, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyi Azərbaycan və Aİ arasında münasibətlərin vacib elementləridir”, – qurum bəyan edib.
Bəyanatda bildirilir ki, jurnalistlərin “qanunsuz həbsləri, müstəqil jurnalistikanın imkanlarının məhdudlaşdırılması və ifadə azadlığına qoyulan məhdudiyyətlər ciddi narahatlıq doğurur”.
“Avropa İttifaqı, həmçinin hüquq müdafiəçisi İlhamiz Quliyev və siyasətçi Tofiq Yaqublunun həbsindən, iqtisadçı Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması qərarından təəssüflənir”, Aİ-nin bəyanatında vurğulanıb.
Qurum həbs olunmuş şəxslərin “fundamental hüquqlarından istifadə etdiklərini” bildirib və Azərbaycan hökumətini “həbs edilənləri azad etməyə, azad jurnalistika və ifadə azadlığı üçün imkanlar yaratmağa çağırıb”.
Aİ öz bəyanatında vurğulayıb ki, Azərbaycanla insan hüquqları sahəsində “dialoqu və əməkdaşlığı davam etdirməyə sadiq” qalır.
Azərbaycanda noyabrın axırlarından etibarən müstəqil jurnalistlər və siyasi fəallar həbs olunmağa başlayıb. “AbzasMedia işi” üzrə qaçaqmalçılıqda ittiham olunan Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçilib.
Dekabr ayında Kanal13 rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Rüfət Muradlı, müstəqil jurnalistlər Teymur Kərimov və İbrahim Hümbətov müxtəlif ittihamlarla ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
O cümlədən, Müsavat pariyasının üzvü Tofiq Yaqublu və ictimai fəal İlhamiz Quliyev də həbs olunub.
Saxlanan şəxslər ittihamları qəbul etmədiklərini bildirərək həbslərini fəaliyyətləri ilə əlaqələndiriblər.
Azərbaycan XİN: “…əsassız iddialar Aİ ilə əlaqələrin perspektivinə zərbə vurur”
“Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”, – Azərbaycan Xarici İşlər Nazirliyi cümə günü yaydığı bəyanatında bildirib.
Qurum Avropa İttifaqını “ikili standart” yürütməkdə ittiham edib.
Azərbaycan XİN “bu əsassız iddiaların” Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə “zərbə vurduğunu” bəyan edib.
Washington “qəbuledilməzdir” deyir
“Birləşmiş Ştatlar fundamental azadlıqlarından istifadə edənlərin son həbslərindən dərin narahatlıq ifadə edir və onların tezliklə azadlığa buraxılmasına çağırır”, – ABŞ-ın Azərbaycandakı səfirliyinin X sosial media hesabında yaydığı açıqlamada belə deyilir.
Səfirliyin müvəqqəti işlər vəkili Hugo Gevara Tofiq Yaqublunun bu yaxınlarda baş vermiş həbsi ilə bağlı dekabrın 21-də onun qızı Nigar Həzi ilə görüşüb.
“Təkcə ötən ayda 10 nəfərdən çox tənqidçi həbs olunub. Bu qəbuledilməzdir”, – ABŞ Dövlət departamentin mətbuat katibi Metyu Miller bu həftə mətbuat üçün keçirdiyi brifinqində Azərbaycanda müxalifətçi Tofiq Yagublunun və digər tənqidçilərin həbsi ilə bağlı suala cavabında deyib.
“Bu yaxınlarda Azərbaycanda başlayan jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, eləcə də müxalif şəxslərin həbsi tendensiyası dərin narahatlıq doğurur”, – cənab Miller vurğulayıb.