Həbsdə olan güneyli fəalın oğlu Azərbaycan xalqından kömək istədi
Güneyli fəal Yürüş Mehrəlibəylinin oğlu Tatar atası və sair aktivistlərin İran hakimiyyətinin həbsxanalarından sərbəst buraxılmaları üçün Azərbaycan xalqından kömək istəyib.
Tatar Mehrəlibəyli həbsdə olan atası və digər Güney Azərbaycan fəalların həbsdə vəziyyətləri barədə məlumatın dünyanın insan haqları qrumlarına çatdırılması üçün hər kəsdən kömək etməyi istəyib.
O, paylaşdığı videoda körpə yaşda ikən atasının mənzildə döyülərək həbs edilməsi barədə danışıb: “Mən Yürüş Mehrəlibəylinin oğlu Tatar Mehrəlibəyliyəm. Bir dəfə 2 yaşım olanda təhlükəsizlik məmurları gözümün qarşısında atamı döyüb, söyərək apardılar. 1 ay həbsdə saxlayandan sonra anamı da tutdular. 5 ayadək valideynlərimi görə bilmədim. O vaxt atama 9 ilədək həbs verildi. Artıq mən 17 yaşındayam, bacım Turan isə 5 yaşındadır. İndi də atam insan haqlarını tələb etdiyi və ideyalarına görə Təhlükəsizlik İdarəsində saxlanılır. 45 gündən artıqdır ki, atam barədə məlumat yoxdur. Həmçinin digər aktivistlər Əli Babi, Milad Cəlili, Salar Tahir Əfşar və 13 gündən artıqdır aclıq aksiyasına başlamış Cavad Sudbər xeyli vaxtdır həbs olunublar. Müvafiq orqanların heç biri atam və digər milli aktivistlər barədə düzgün məlumat vermir. Onlar bizim haray səsimizi kiminsə eşitməsini istəmir. Siz bizim səsimizə səs olun”.
Gunaz TV