Araz Əliyev 25 sutka həbs edilib
NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib.
Bunu Turana Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov təsdiq edib.
Hüquq mühafizə orqanlarındakı mənbələrdən məlum olub ki, Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Həbsin detalları ilə bağlı məlumat əldə etmək mümkün olmayıb.
Araz Əliyevlə dekabrın 23-də Bakı vaxtı ilə saat 18 radələrindən əlaqə itib.
III Respublika Platformasının spikeri Akif Qurbanov bildirib ki, Əliyevin saxlanılması bu qurumun fəaliyyətilə bağlıdır.
“ Görünür III Respublika Platformasının indiki məqamda yaranması rejimi daha da narahat edib. Dediyimiz kimi, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyirik. Əsas şüarımız: Tək Adama Deyil, Hüquqa İtaət Edirik”, – Akif Qurbanov Facebook səhifəsində qeyd edib.