Müsavat başqanı “yarınma fəallarına” cavab verdi: “Təknəyə tüpürməyin”
Müxalifət yoxdur kampaniyası aparanlara.
Əgər gerçək müxalifət olmasa heç kəsin alıb oxumadığı qəzetlər, göz atmadığı saytlar, sosial mediyada süni yolla şişirdilən “fenomenlər”, vətəndaş cəmiyyəti quruculuğuna aidiyyatı olmayan QHT lər, 100 üzvü belə olmayan partiyalar, parlamentdə müxalifət adına təmsilçilər, prezident seçkilərində saxta alternativlər… kimin nəyinə lazımdır.
Mən hələ hakimiyyət qazanından bəslənən “ziyalıları”, mədəniyyət, incəsənət, idman adamlarını demirəm.
Sizə ona görə milyonlar xərclənir ki, ölkədə gerçək müxalifət, təmannası yalnız ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq olan və bu ideal uğrunda hər hansı təqib və təzyiqlərə baxmayaraq mübarizə aparan minlərlə fədakar müsavatçı, cəbhəçi, Rəsulzadə-Elçibəy yolunun yolçusu var!
Dəmirçi heç vaxt zindan üzərinə oturmur, çünki çörəyi ordan çıxır.
Siz də heç olmasa çörəyini yediyiniz təknəyə tüpürməyin.
Son günlərin yarınma yarışması fəallarına da sözüm budur:
Azərbaycanın gerçək istiqlalı, inkişafı və firavanlığının yalnız bir yolu var. O yol Rəsulzadə-Elçibəy yoludur!
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.