Qurban Məmmədov və daha 6 nəfər beynəlxalq axtarışa verilib

Xaricdə yaşayan bir qrup Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edilib, Baş Prokurorluq bildirib.

Qurum bildirib ki, Avropanın müxtəlif ərazilərində yaşayan bir neçə Azərbaycan vətəndaşı Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı barəsində elan edilən axtarış qərarı icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və “İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilib.

Onlar Cinayət Məcəlləsinin “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə” və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə” maddələri ilə ittiham olunurlar.

Həmin şəxslərin yerinin müəyyən edilərək Azərbaycana ekstradisiya edilməsi istənilir.

Onların bu ittihamlara münasibəti bəlli deyil.

Baş Prokurorluğun məlumatında deyilir ki, sözügedən şəxslərlə eyni maddələrlə ittiham olunan Azərbaycan vətəndaşı Elvin İsayev Ukraynanın miqrasiya qanunlarını pozduğuna görə, 2019-cu ilin dekabrında Azərbaycana deportasiya olunub və barəsində əvvəlcədən seçilmiş həbs qətimkan tədbiri icra edilib.

Qurumun açıqlamasında qeyd olunur ki, Elvin İsayev, Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə 2018-ci ildə sosial şəbəkələrdə video müraciətlər yayımlayıblar.

İddia olunur ki, həmin şəxslər video müraciətlərdə “hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına” yönələn ifadələr işlədib, Azərbaycan vətəndaşlarına müraciət edərək onları “hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə” çağırıblar.

BBC