Rusiya Belarusu ‘almaq istəyir’ – Qərb mediası
Belarusda son bir ayda yaşananlar, Alyaksandr Lukaşenkanın 26 illik hakimiyyətinə etiraz aksiyaları ölkənin milli valyutasına da təsirini göstərib. Atlantik Şurasının saytında Anders Åslund milli valyutanın məzənnəsinin səkkiz faiz ucuzlaşdığını yazır.
Müəllif bu azalmanın pis, amma fəlakətli olmadığını yazır. Əslində, Rusiya Prezidenti Vladimir Putin avqustun 27-də bu ölkənin təhlükəsizliyinə təminat verəndən sonra Belarus rublu nisbətən özünə gəlib. Ancaq vəziyyət daha da pisləşə bilər.
“Belarusda tədiyyə balansında kəsir yaranıb, beynəlxalq valyuta ehtiyatları 4,3 milyard ABŞ dollarına düşüb. Bu vəsait yalnız 1.4 aylıq idxala bərabərdir, halbuki minimum üç aylıq olmalıdır”, – yazan müəllif mövcud durumun həlli üçün iki alternativ görür.
Birinci variant odur ki, Rusiya keçmişdə dəfələrlə etdiyi kimi, Belarusa köməyə gəlir, sonuncu dəfə 2011-ci ildə bunu etmişdi. Ancaq Moskva ölkə iqtisadiyyatını xilas etməyin əvəzində ən böyük dövlət müəssisələrini almaqda israr edə bilər. Digər alternativ isə Beynəlxalq Valyuta Fondunun proqramıyla standart sabitləşdirmədir.
“Birinci variantda Belarus Rusiyanın tutduğu bir ölkəyə çevriləcək. İkinci alternativ isə Belarus iqtisadiyyatını liberallaşdırar. Onu qlobal iqtisadiyyata aça bilər, özəlliklə də qonşu Avropa Birliyinə. Rusiyalıların çox sevdiyi ifadə var, üçüncü alternativ yoxdur”, – müəllif yazır.
6 milyard dollarlıq maliyyə yardımı
Belarusun illik tədiyyə balansı kəsiri 2,5 milyard ABŞ dollarıdır. Ümumi dövlət borcu 33 milyard ABŞ dolları, 2019-ci ildə ÜDM-si 62 milyard dollar olub. “Bu rəqəmlərə söykənərək demək olar ki, Belarusun yetərli ehtiyatlar yaratması üçün 6 milyard ABŞ dolları həcmində beynəlxalq maliyyə yardımına ehtiyacı olacaq”, – məqalədə deyilir.
Müəllif BVF, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının Belarusu yaxşı tanıdığını, 2016-cı ildən bu ölkədə fəaliyyət göstərdiklərini yazır. Həmin il Avropa Birliyi Belarusa qarşı sanksiyaların son hissəsini da qaldırdı. Ancaq bu qurumlar yalnız legitim hökumətlə razılaşma əldə edə bilərlər. Prezident Alyaksandr Lukaşenka yeni sazişə düşmən kimi baxır, üstəlik, beynəlxalq legitimliyi də yoxdur.
Rusiyayla isə məsələ başqa cürdür, gərgin ikitərəfli danışıqlar gedir, inteqrasiyanın dərinləşdirilməsindən danışılır. 2011-ci ildə Rusiya şirkətləri Belarus iqtisadiyyatında üstün mövqe tutmağa çalışdılar, eynən Ermənistan iqtisadiyyatında olduğu kimi. Buna qismən nail oldular. Müəllif Rusiyayla sövdələşmələrin Belarusun milli marağına uyğun olmadığını, bu ölkənin BVF-ni seçməli olduğunu qeyd edir. “Rusiyanın yardımı tələdən başqa bir şey deyil”, – o vurğulayır.
Belarusda 9 avqust prezident seçkisindən sonra Lukaşenkanın qalib elan olunması ölkə boyunca kütləvi etirazlara səbəb olub. 30 gündən çoxdur on minlərlə insan küçələrə çıxaraq yeni seçki tələb edir.
Azadlıq Radiosu