Jurnalist Şahin Rzayev azad edildi – Yenilənib

Yanvarın 15-də “xuliqanlıq” ittihamı ilə 15 gün müddətinə həbs edilən və üç gün sonra gözlənilmədən azad edilən jurnalist Şahin Rzayev başına gələnlərin səbəbini açıqlayıb.

O, öz Facebook səhifəsində belə yazıb: “əsl səbəb mənim bir ehtiyatsız “ikibaşlı” yazdığım post idi. (artıq silinib). Səhv anlaşılmışdı, mən tam əksini nəzərdə tutmuşdum. Öz günahımdır, gərək daha dəqiq ifadə edərdim fikrimi”.

Jurnalist bu postun nə haqqında olduğuna dəqiqlik gətirmir, lakin bu yazını oxuyanlar orada birinci şəxsin tənqid olunduğunu iddia edirlər.

Jurnalist bildirir ki, onun bu nəşri “kiçik xuliqanlıq” kimi qiymətləndirilib.

“Etdiyim “kiçik” xuliqanlıq məhz həmin qarşılıqlı razılığın nəticəsi idi və mən protokolu könüllü imzalamışam. Sadəcə, İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 50-100 manat cərimə nəzərdə tutulduğu halda mənə gözlənilmədən 15 sutka hökm oxundu. Ona görə də apellyasiya verdim (vəkilsiz) və cəza 50 manata endirildi. Sağ olsunlar, görünür, iki gündə mənim düşmən olmadığımı yoxlayıb düzgün nəticə çıxarıblar”.

“Tutulma prosesi çox bərbad hazırlanmışdı. “Qorotdel”dən üç pəhlivanın küçəmizdə pusqu qurub məni güdməyə, qollarımı burub maşına soxmağa nə ehtiyac var idi?

Binəqədi Təcridxanasından ümumiyyətlə, razı ayrıldım. Kameralar səliqəli, təmirli, isti, yeməklər babat idi. Nəzarətçilər də gözlədiyimdən daha nəzakətli davranırdı (ola bilər mənimlə digər dustaqlarda fərq qoyurdular, istisna etmirəm). Yeganə “işgəncə” bekarçılıq idi. Nə qədər “Xəzər TV”yə baxmaq olar? (nədənsə, yalnız bu kanala icazə var). Oxumağa kitab tapmadım.

Daha çox detal yazmağa ehtiyac duymuram, hər halda xoşbəxt son ilə bitən bir macəra kimi yadda qalacaq”, deyə Şahin Rzayev yazır.

***

JAMnews regional nəşrinin siyasi müşahidəçisi Şahin Rzayev həbs edilib.

Yaxınlarının dediyinə görə, o, yanvarın 15-də günorta saat iki radələrində evdən mağazaya çıxıb və bundan sonra onunla əlaqə kəsilib.

Sonradan məlum oldu ki, o, polis tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsilə 15 sutkalıq həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Turan-a Rzayevin həbsi ilə bağlı məlumatı təsdiqləyib.

Rzayev böyük iş təcrübəsi malik olan jurnalistdir. O, Cənubi Qafqazda sülhün əldə edilməsinə yönəlmiş çoxsaylı regional vətəndaş cəmiyyəti layihələrində iştirakı ilə tanınır.

Rzayev vaxtaşırı Azərbaycan hakimiyyətini  tənqid edib.