Müharibə bitəcəkmi
Kamran Cəfərov, ekspert
Donald Tramp Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsinə namizədini seçdi-Kit Kelloq.
Kit Kelloq 2017-2021-ci illərdə Tramp administrasiyasında Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri və vitse-prezident Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.
2024-cü ilin iyun ayında Kelloq Trampa Ukrayna-Rusiya müharibəsinin dayandırılması/dondurulması/atəşkəsə nail olunması planı təqdim etmişdi.
“Amerikanın Səsi”nin o zaman verdiyi məlumata əsasən Kit Kelloqun Trampa təqdim etdiyi plan bunları nəzərdə tuturdu:
– Müharibə, hər 2 tərəfin durduğu mövqelərdə dayandırılır və təmas xətti müəyyənləşdirilir.
– ABŞ atəşkəsə nail olmalı və Ukrayna-Rusiya müharibəsinin danışıqlar yolu ilə dayandırılmasına çalışmalıdır.
– Rusiyanı danışıqlarda iştiraka həvəsləndirmək üçün ABŞ Ukraynanın NATO-ya müəyyən müddətə üzv olması məsələsini əngəlləməlidir.
– Kit Kelloq yazır ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərdən(o cümlədən Krımı) imtina etməməlidir, amma Ukrayna bu əraziləri diplomatik yolla qaytarmalıdır, baxmayaraq ki, proses uzun müddət çəkə bilər. Başqa sözlərlə, işğal olunan ərazilər de-yure Ukraynanın əraziləri olaraq qalır, de-fakto Rusiyada olsalar da.
– Rusiya üzərindən bəzi sanksiyalar aradan qaldırılır, amma Rusiyanın ixrac etdiyi neft-qaza qarşı əlavə tariflər tətbiq olunur.
Kit Kelloqun təklif etdiyi planın Ukrayna üçün müsbət və mənfi tərəfləri var.
Mənfi tərəfləri: NATO-ya üzv olması üçün yolun dondurulması, Rusiyanın işğal edilən ərazilərdə qalması, bəzi sanksiyaların ləğv edilməsi.
Müsbət tərəfləri: Rusiyanın diplomatlarının ƏN çox istədiyi maddə, Ukrayna Silahlı Qüvvələrinin həm canlı qüvvə, həm texnika, həm raket və dronların saxlanmasına qarşı limitlərin tətbiqidir və faktiki olaraq, USQ-nin çox zəif duruma salınmasıdır. Kelloqun planında bu maddə yoxdur. Məhz bu maddə İstanbulda imzalanan sazişə daxil edilmişdi və məhz bu maddəyə görə Putin indi də İstanbul sazişinə istinad edir.
Bir neçə məsələni də xüsusilə vurğulamaq lazımdır.
1) Kit Kelloqun iyunda təklif etdiyi plan heç bir halda son instansiya deyil və Trampın inaqurasiyasına qədər ortaya qoyulacaq sənəd dəfələrlə dəyişdiriləcək. Hətta yekun sənəd ortaya çıxanda da, bilavasitə danışıqlar zamanı, orda da, müəyyən dəyişikliklərin edilməsi istisna olunmur. Amma və lakin, Kelloqun xüsusi nümayəndə vəzifəsinə təyin olunması o deməkdir ki, hazırlanacaq saziş, məhz Kelloqun planının bünövrəsində hazırlanacaq.
2) Müharibənin dondurulması barədə saziş, atəşkəsin bərqərarını və silahlı qüvvələrin təmas xəttindən geri çəkilməsini nəzərdə tutur, amma bu sənəd Parlamentlərdə ratifikasiya olunmur və beynəlxalq saziş hesab olunmur. Bu cür razılaşma, müvəqqəti olaraq tərəflərin maraqlarına cavab verən şərtlərin qəbuludur. Necə ki vaxtında Minsk-1, Minsk-2 imzalanıb, gələcəkdə potensial imzalanacaq sazişi də şərti olaraq Minsk-3 adlandırmaq olar. Şərti Minsk-3-ün işlək olub olmayacağını müəyyən etmək üçün, Minsk-1/2-nin necə işlək olub/olmadığını görə bilərsiniz. Başqa sözlərlə, hər 2 tərəfə sərf edəndə, bu sazişlər işlək olurdu və əksinə.
Son illər ərzində biz görürük ki, nəinki adi sazişlər, hətta Parlalamentlər tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələr pozulur. Ukrayna-Rusiya münasibətləri prizmasından baxsaq, Yeltsinin dövründə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”ni misal kimi gətirə bilərik. Poroşenko bu müqaviləni 2018-ci ildə ləğv etdi. Dünyanın diplomatik praktikasında bu cür saziş/müqavilələrin işlək olan(Kipr, Koreya) və işlək olmayan misalları çoxdur.
Başqa sözlərlə, hər 2 tərəf, öz maraqlarına cavab verən zaman, sazişi poza bilər. Hər 2 tərəf növbəti müharibə üçün hazırlaşacaq və münbit geosiyasi şəraiti gözləyəcək.
Ukrayna üçün bu münbit şərait: Trampdan sonra yenidən demokratların hakimiyyətə gəlməsidir, Putinin getməsidir və yerinə Qərbə loyal qüvvələrin gəlməsidir, Avropada kəskin anti-Rusiya mövqeyində olan siyasi qüvvəlırin güclənməsidir və s.
Rusiya üçün münbit şərait: ABŞ-da Trampdan sonra daha radikal ultra-sağçının prezident olmasıdır, Avropanın güclü ölkələrinin başına ultra-sağçı qüvvələrin gəlməsidir və s.
3) Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin bitirilməsi üzrə göstərəcək səylər və ortaya qoyacaq siyasi iradə hələ o demək deyil ki, bu müharibə dəqiq dondurulacaq(söhbət indidən gedir).
Avropanın “qırğılar” düşərgəsində olan ölkələr(Böyük Britaniya, Fransa, Polşa və s.) hal-hazırda müharibənin dondurulmasının əleyhinədir və son günlərdəki bəyanatlar bunu sübut edir. Burda 2 önəmli məsələ var:
– Ukraynanın 2025-ci ildə müharibəni davam etdirmək üçün yetərli resurları(həm iqtisadi, həm də hərbi) var.
– Bu yaxınlarda bir neçə təşkilat Avropanın hərbi potensialını araşdırmaq üçün, peyklərdən istifadə edərək Avropa ölkələrinin hərbi bazalarında texnikanın sayını müəyyənləşdiriblər. Ortaya çıxan nəticə onu deməyə əsas verir ki, Avropa(+BB) təkbaşına Ukraynanı silahlandırmaq gücündədir, amma bu məsələdə həlledici faktor məhz siyasi iradə və geosiyasi şəraitdir(trend).
Yuxarıdaki faktorlar, Avropanın Trampa müəyyən təzyiq imkanları yaradır və bu, imzalanacaq sazişin hazırlanması prosesində Ukraynanın lehinə olacaq.
Unutmayaq ki, Trampın inaqurasiyasına qədər hələ 2 ay var və bu 2 ay ərzində, həm döyüş meydanında mövcud durum, həm Rusiyanın daxilində iqtisadi durum, həm də USQ-nin Kursk vilayətinə nəzarəti qoruması faktoraları çox böyük rol oynayacaq.