Azərbaycan nümayəndə heyəti AŞPA-da səsvermə hüququndan bir illik məhrum edildi
AŞPA Azərbaycan nümayəndə heyətini bir il müddətinə səsvermə hüququndan məhrum edən qətnaməni təsdiqləyib
Avropa Şurası Parlament Assambleyasının yanvarın 24-də axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.
76 deputat “lehinə”, 10 deputat “əleyhinə”, 4 nəfər bitərəf qalıb.
Müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyəti bu qərarı ədalətli və zəruri adlandırıb.
“Azərbaycan mütəmadi olaraq Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozur və dəyərlərimizə məhəl qoymur”, “Son illər Azərbaycan AŞPA-nın 14 qətnaməsində öhdəliklərini pozan kimi qeyd olunub”, “Yüzlərlə siyasi məhbus, onlarla jurnalist həbs edilib və onlardan 10-u bu yaxınlarda həbs edilib” , “Avropa Şurasının məruzəçilərinin siyasi məhbuslarla görüşlərinə buraxılmayıb” – deputatların əsas iradları bunlardı.
Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.
Sonda qətnamə müəllifləri vurğulamışlar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlıdır və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.