Azərbaycanlı siyasi mühacirlər Fransa Senatına və Makrona müraciət ediblər
Avropadakı 3 əsas mühacir təşkilatını (Müsavat AKM , AND və DAS) və siyasi mühacirləri özündə birləşdirən Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi Fransa Senatına və prezident Emmanuel Makrona müraciət ediblər.
Müsavat AKM-in sədri Nurlan Əliyevin redaksiyamıza göndərdiyi sənəddə bildirilir ki, Azərbaycandan olan Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi Fransa və Azərbaycan arasında yaranmış ziddiyətlərin mahiyyətini nəzərdə tutaraq, eyni zamanda Azərbaycanın milli maraqlarını əsas götürərək, Fransa Senatına və Fransa prezidenti cənab Emmanuel Makrona müraciət qəbul edib. Bu müraciət yanvarın 27-də Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin təsis konfransında yekdilliklə qəbul edilib və yanvarın 31-də müvafiq ünvanlara göndərilib.
Sənəddə deyilir:
«Hörmətli xanımlar və cənablar.
Fransa senatı növbəti dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi zərurəti ilə bağlı qətnamə qəbul edib və Fransa hökumətinə çağırış edib ki, bu sanksiyalar təcili tətbiq edilməlidir.
Fransa və Azərbaycan hökumətləri arasında ziddiyətlərin səbəbi, mahiyyəti barədə geniş diskussiya aparmaq istəmirik, əgər zəruri saysanız bu məsələnin ayrıca müzakirəsində istənilən səviyyədə iştirak edə bilərik.
Amma bizə görə bu qətnamənin Səbəblər hissəsində bir neçə mühüm səhvlər var ki, bunlar mütləq peşəkar siyasət nöqteyi- nəzərindən qiymətləndirilməlidir.
Əgər Senatın bu qətnamə və çağırışları:
-Azərbyacanda Əliyev rejiminin qanunsuz və aqressiv fəaliyyətləri ilə bağlıdırsa;
– Azərbaycan xalqını deyil, diktator Əliyevin onsuz da legitim olmayan hakimiyyətinə qarşıdırsa;
– Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və uzun müddətli dayanqlı olmasını nəzərdu tutursa;
– Rusiyanın bölgədəki destruktiv fəaliyyətlərinin daha da genişləndirilməsini nəzərdə tutmursa o zaman bu qətnamələrdə sanksiyaların əsaslandırma hissəsinin yanlış olduğu açıq- aşkar görünməkdədir.
Hətta Ermənistan hökumətinin özünün də Qarabağ münaqişəsinin bitməsi ilə bağlı açıq və rəsmi müraciətlərinin olduğunu, Qarabağdakı separatçı rejimin rəsmən buraxıldığını nəzərə alaraq bu bitmiş münaqişəni diriltmək cəhdi ilə Əliyev rejiminə qarşı siyasət yürütməyin heç bir faydalı nəticələri ola bilməz.
Azərbaycan insan haqlarının dəhşətli dərəcədə pozulduğu, azad mətbuatın tamamilə məhv edildiyi, vətəndaş cəmiyyətinin əsaslarının dağıldığı, qanunsuz və aqressiv bir hökumətin siyasi hakimiyyəti, faktiki olaraq zəbt etdiyi bir ölkədir. Əgər Avropa demokratiyasının beşiyi adına iddia edən Fransa dövləti Azərbaycanda zorakı hakimiyyətə qarşı sanksiyaları Cənubi Qafqazda sülh və demokratiyanı təmin etmək məqsədilə tətbiq etmək istəyirsə, o zaman elə bu əsasları da rəsmən irəli sürmək daha doğru olardı.
Əlavə olaraq, bu sanksiyaların Əliyev ailəsinə, Əliyevin yaxın çevrəsinə daxil olan dövlət məmurlarına və iş adamlarına qarşı tətbiq edilməsinə onların Fransa ərazisindəki bank hesablarından, əldə etdikləri daşınmaz əmlakdan, qurduqları biznesdən başlanması daha məntiqli olardı.
Biz bu məsələləri sizinlə istədiyiniz zaman müzakirə edə bilərik və Senatın məlum qətnamələrindəki yanlış əsaslandırmaların mümkün zərərli nəticələri ilə də fikir mübadiləsi aparmağa hazırıq.
Azərbaycanlı siyasi mühacirlərin Avropa Koordinasiya Mərkəzi”
Basta