Navalnının öldürülməsindən sonra Putin hakimiyyətdə nə qədər qalacaq?

Rusiya hakimiyyəti Navalnının cənazəsini onun ailəsinə verməkdən imtina edir və “tibbi ekspertizanın” iki həftə çəkəcəyini bildirir. Bu nə ekspertizadır elə?! Bəlkə iki həftə “noviçokun”, yaxud cinayətin başqa izlərini itirmək üçün lazımdır?

Məncə, Kremlin cənazəni gizlətməsi faktı, Navalnının həbsxana öldürüldüyünə şübhə edənlərin sayını daha da azaldacaq.

Soruşurlar ki, bu, Putinin nəyinə lazımdır. O, Navalnının ölümünə görə bütün dünyanın hədəfinə gələcəyini bilmirdimi? Navalnı guya nə edə bilirdi ki?

Bəli, Navalnı təcrid olunmuşdu və onun çağırışları Putin rejimi üçün elə bir təhlükə törətmirdi. Bu gün törətmirdi. Bəs ağlınıza gəlirmi ki, Putin, öz rejiminin məhv olacağı günə hazırlaşır?

1944-сü ilin avqust ayında Almaniya türməsində Adolf Hitlerin əsas opponenti olan Ernst Telman öldürüldü. Bu, o məqam idi SSRİ və müttəfiq dövlətlərin qoşunları əks-hücuma keçərək Almaniya sərhədlərinə yaxınlaşırdılar. Əgər həmin vaxt Ernst Telman öldürülməsə, o, Hitler rejiminin devrilməsindən sonra Almaniya dövlətinin başçısı ola bilərdi. İllərlə onu türmədə tək adamlıq kamerada saxlayan Hitler məhz bu perspektivə görə onu öldürtdü.

Putin əla bilir ki, Navalnının ölümünə görə hədəfə gələcək. Amma o, Ukraynaya təcavüz etdikdən sonra onsuz da hədəfdədir – islanmışın yağışdan nə qorxusu?!

Putin Rusiyanın indiki durumunu da, əhalinin ictimai ovqatını da hamıdan yaxşı bilir. Bilir ki, onun devrildiyi gün xalq bayram edəcək, ilk olaraq siyasi məhbuslar azadlığa çıxacaq. Rusiya müxalifətinin ən nüfuzlu, ən enerjili lideri olan Navalnı həmin gün asanlıqla bütün cəmiyyəti səfərbər edəcək və hakimiyyətə gələcəkdi.

Putin, onun ən çox nifrət etdiyi şəxsin onu əvəz etməsini istəmədiyi üçün, həm də şəxsi qarşıdurmada Navalnıya uduzacağını gördüyü üçün onu öldürtdü.

Hitler E.Telmanı öldürtdükdən sonra cəmi 9 ay hakimiyyətdə qala bilmişdı. Görək, Putin nə qədər qala biləcək.

Mustafa Hacıbəyli