Akif Qurbanovu qandalladılar, Toplum TV-ni möhürlədilər

“III Respublika Platforması”nın İdarə Heyətinin rəhbəri Akif Qurbanov Cinayət Məcəlləsinin 206,3.2 maddəsi (qaçaqmalçılıq) üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu  barədə vəkil Şəhla Qumbətova məlumat verib.

“Akif Qurbaniv bildirib ki, axtarış zamanı evindən sənədlər götürülüb. O dedi ki, polislər III Respublika Platformasının ofisinə basqın ediblər, oraya 30 min avro yerləşdiriblər və sonra götürüblər. Akif Qurbanov və Ruslan İzzətlini bir otağa salıblar və özləri nəzarətsiz hərəkətlər ediblər. Qurbanov bildirdi ki, götürülən pulun ona və III Respublika Platformasına aidiyyatı yoxdur”, vəkil qeyd edib.

Platformanın daha iki üzvünün – Ruslan İzzətli və Araz Əliyevin saxlandığı bildirilir.

***

Bu gün saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanov və jurnalsit Fərid İsmayılovun mənzilində axtarış bitib, polislər hər ikisinin əllərini qandalayaraq aparıb.

Vəkil Şəhla İsmayılova Amerikanın Səsinə bildirib ki, Akif Qurbanovun mənzilində axtarış bitib.

“Polsilər Akif Qurbanovun əllərini qandallayaraq mənzilindən apardılar. Axtarış zamanı məni mənzilə buraxmadılar”, vəkil qeyd edib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, toplum TV-nin əməkdaşı Fərid İsmayılovun mənzilində də axtarış başa çatıb, bundan sonra jurnalistin əlləri qandallanaraq aparılıb.

Qeyri-rəsmi məlumata görə, İsmayılovun mənzilindən 3100 avro götürülüb.

Martın 6-da bir qrup hüquq-mühafizə orqanı əməkdaşı Toplum TV internet nəşrinin ofisində axtarış aparıb. Axtarışdan sonra nəşrin redaksiyasının qapıları möhürlənib.

Axtarış yerində olan Amerikanın Səsinin müxbiri bildirib ki, III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun rəsmiləri Ruslan İzzətli, Elmir Abbasov, Araz Əliyev və Toplum TV-nin jurnalistləri Pərvanə Qurbanlı, Fərid İsmayılov, Alya Ağayeva, Taleh Bədəlov, Sadiq Qurbanov, Müşfiq Cabbarov, Cavid Ramazanov polis tərəfindən aparılıb.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə sorğusuna cavab olaraq bildiriblər ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əlavə məlumat veriləcəkdir.

Polis Toplum TV-nin redaksiyasında axtarış aparır

Bir qrup hüquq-mühafizə orqanı əməkdaşı çərşənbə günü saat 16 radələrində Toplum TV internet nəşrinin ofisinə gələrək axtarışa başlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə təsdiqləyiblər ki, “Çemənzəminli küçəsi, 98 B və bir sıra digər ünvanlarda operativ məlumatlar əsasında tədbirlər keçirilir”.

Saat 18.00 radələrində polis Toplum TV internet nəşrinin redaksiyasının ofisində axtarışı yekunlaşdıraraq onu möhürləyib.

Polis Toplum TV-nin redaksiyasında axtarış aparır

Toplum TV-nin əməkdaşları ofisdən çıxmayıb və zənglərə cavab vermir, çox güman ki onlar saxlanılıb.

Onların hara aparıldığı və saxlanma səbəbi məlum deyil. Daxili İşlər Nazirliyi bunula baglı şərh vermir.

“Baş verənlərin ağlabatan izahı yoxdur. Görünür, ölkədə müstəqil medianı tamamilə sıradan çıxarmaq istəyirlər ki, tənqidi fikirlər üçün platforma qalmasın”, – deyə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib. “

Biz cinayətdə iştirak etməmişik və heç bir qanunsuz hərəkət etmirik. Ona görə də baş verənlərlə bağlı heç bir hüquqi izahat yoxdur”, o deyib.

Xədicə İsmayıl əlavə edib ki Daxili İşlər Nazirliyindən heç bir rəsmi məlumat və axtarış protokolunu ala bilmir.

O, redaksiyada olan əməkdaşlarının taleyinə də aydınlıq gətirməyə çalışır. Onlarla telefonla əlaqə saxlamaq mümkün deyil.