Rusiyada “Putinə qarşı günorta” aksiyasında iştiraka görə 74 nəfər saxlanılıb
OVD-İnfo monitorinq qrupunun bazar günü verdiyi məlumata görə, Rusiya hakimiyyəti ölkə boyu “Putinə qarşı günorta” aksiyasında iştirak etdiyi üçün təxminən 74 nəfəri saxlayıb.
Müxalifət bildirib ki, minlərlə insan Vladimir Putinin yenidən prezident seçilməsinə qarşı dinc, simvolik siyasi etirazda iştirak etmək üçün bazar günü ölkənin seçki məntəqələrinə axışıb.
“Putinə qarşı günorta” adlı tədbirdə Kreml liderinin əleyhinə olan ruslar günorta saatlarında ya etiraz olaraq bülletenlərini korlamaq, ya da davam edən seçki tədbiri nəticəsində Putinə qarşı olan üç namizəddən birinə səs vermək üçün seçki məntəqələrinə gedib. Digərləri ötən ay həbsxana koloniyasında dünyasını dəyişən Aleksey Navalnının adını seçki bülleteninə yazmağa çalışıb.
Navalnının müttəfiqləri YouTube-da günorta saatlarında Rusiya üzrə seçki məntəqələrində növbələrin yarandığını göstərən videolar yayımlayıb.
Navalnının dul arvadı Yuliya Navalnaya Berlində Vladimir Putinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib. Navalnının mətbuat katibi Kira Yarmış X saytında Navalnının Berlində səs vermək üçün növbəyə durduğu fotolarını dərc edib.
ABŞ Dövlət Departamenti Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində saxta seçkilərin keçirilməsini pisləyib və ABŞ-ın onların nəticələrini heç vaxt tanımayacağını vurğulayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller Navalnının ölümünü, namizədlərin səsvermədən kənarda qalmasını, həmçinin Rusiya hakimiyyəti tərəfindən söz və digər vətəndaş azadlıqlarının uzun müddət boğulmasını xatırladaraq qeyd edib ki, ABŞ baş verənləri izləyəcək və prosesin nəticəsini şərh edəcək.
Navalnının ötən həftə Vilnüsdə hücuma məruz qalan köməkçisi Leonid Volkov hesab edir ki, Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərdə yüz minlərlə insan seçki məntəqələrinə gedib.