Moskvada terror: ölənlərin sayı 154 nəfərə çatdı

Moskva vilayətinin Səhiyyə İdarəsi Crocus City Hall-da törədilən terror aktı qurbanlarının siyahısını yeniləyib. Ölənlərin sayı 154 nəfərə çatıb. 107 nəfər xəstəxanalarda yerləşdirilib.  Xilasedicilərin sözlərinə görə, beş uşaq yaralanıb,  üçü isə ölüb.

Crocus City Hall-da ağır texnika yanğın nəticəsində zədələnmiş konstruksiyaların sökülməsi və dağıntıların təmizlənməsi işinə başlayıb.

***

BAZA teleqram kanalı xəbər verir ki, Bryansk vilayətində Crocus City-yə hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.

Cinayətkarların olduğu avtomobil Bryansk vilayətində Belarus və Ukrayna ilə sərhədə yaxın ərazidə saxlanılıb. Maşında altı nəfər olub, ikisi saxlanılıb, dördü qaça bilib.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. İndi onlarla təhlükəsizlik işçiləri işləyir – onların terror aktında iştirakı yoxlanılır.

Qaçan 4 nəfər axtarılır.

Hüquq-mühafizə orqanları Crocus City Hall-da atışma törədən 6 terrorçudan dördünün şəxsiyyətini açıqlayıb.

1) Nəsridinov Məhmədrəsul 37 yaş

2) İsmonov Rivojidin 51 yaş

3) Safolzoda Shoxinjonn 21 yaş

4) Nəzərov Rüstəm 29 yaş.

Onların hamısı Tacikistan vətəndaşıdır.

***

Rusiyada İstintaq Komitəsi Moskvada Araz Ağalarova məxsus olan “Krokus Siti”də ötən gün törədilən terror aktı nəticəsində ölənlərin sayının  115 nəfərə çatdığını açıqlayıb

Bu barədə Andrey Vorobyov Rusiya telekanallarına müsahibə verərkən deyib. Onun sözlərinə görə, xilasedicilər səhər saat 6.30-da auditoriyaya daxil ola bilib və oradakı vəziyyəti “çox çətin” adlandırıb.

Fövqəladə Hallar Nazirliyi bu gün Crocus City Hall-dakı zalın tamamilə dağıldığını açıqlayıb.

***

“İnterfaks” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, FSB direktoru Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə “Krokus Siti Holl”da terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər də daxil olmaqla, 11 nəfərin saxlanılması barədə məlumat verib. Terrorda şübhəli bilinən şəxslərin kimliyi hələlik açıqlanmayıb. Onların cinayət törətdikdən sonra Ukraynaya qaçmağa çalışdıqları iddia edilir.

***

Moskvada “Crocus City Hall” klubunda “Piknik” qrupunun konsertindən əvvəl atışma baş verib, ölən və yaralananlar var. Bu barədə “Diqqət, Xəbər”, Mash və Baza teleqram kanalları məlumat verib.

Naməlum şəxs avtomat silahdan atəş açıb. Baza-nın məlumatına görə, 12 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb. RİA Novosti bildirir ki, klubda kamuflyaj geyimdə olan üç nəfər atəş açıb.

Daha sonra Azadlıq radiosu əməliyyat xronikaları üzrə ixtisaslaşmış 112-ci kanala istinad edərək 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib. Qurbanların sayının artacağı ehtimal edilir. Yanğın nəticəsində onlarla insanın çıxışdan məhrum edildiyi barədə də xəbərlər var.

“Yuxarıda oturmuşduq, sonra atışma səsi eşitdik, aşağıya doğru hərəkət etməyə başladıq, lakin başa düşdük ki, aşağıda da atəş açılır. Onlar hər tərəfdən, sadəcə, hər yerdən atəş açırdılar. Biz yerə uzandıq, sonra gördük ki, insanlar birtəhər eskalatordan aşağı qaçır. Biz onların arxasınca qaçdıq. Bir qız yerdə uzanmışdı, o, ölmüşdü” – deyə, Diqqət Xəbər hadisə şahidindən sitat gətirib.

TASS xəbər agentliyi insanların təxliyə edildiyini yazıb. Şahidlər həmçinin Crocus City Hall-da partlayış olduğunu bildirib. Agentliyin məlumatına görə, musiqiçilər xəsarət almayıb. RusNews agentliyi xəbər verir ki, partlayış və yanğın nəticəsində klubun damı uçmağa başlayıb. Baza-nın məlumatına görə, klub binasında 100-dən çox insan ilişib qalıb.

Moskva SOBR və OMON-un əməkdaşlarına xəbərdarlıq edilib və onlar Crocus City Hall-a yollanıb. Moskva qubernatoru Andrey Vorobyev də hadisə yerinə yola düşüb.

“Operativ qərargah yaradılıb. Bütün təfərrüatlar sonra gələcək,” Vorobyev Telegram kanalında yazıb.

“Moskva” agentliyi xəbər verir ki, artıq hadisə yerinə iki Ka-32 helikopteri göndərilib.

Moskva vilayətinin Səhiyyə nazirliyindən bildirilib ki, zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə 50-dən çox təcili yardım briqadası göndərilib.

Eyni zamanda, hazırda Moskvada mobil rabitənin zəif olduğuna dair məlumatlar var.