Rauf Arifoğlunun “millətçiliyi” barədə qeydlər: Abdolbari Gozal keysi
Azərsun Holdinqin rəhbəri Abdolbari Gozal Rauf Arifoğlunu məhkəməyə vermişdi. Oysa özünü müdafiə etmək üçün Müsavatın qərargahında bir tədbir təşkil etmişdi.
2007-ci il mayın 10-u idi. Pənah Hüseyndən İsa Qəmbərədək, Novella Cəfəroğludan Hacı İlqaradək, Arif Əliyevdən Mehman Əliyevədək bir çox siyasətçilər, ictimai fəallar və jurnalistlət tədbirə dəvət olunmuşdular. O zaman qəzetdə redaktor işləyirdim və Rauf Arifoğlunun tərtib elədiyi siyahı əsasında bir çox dəvətliləri özüm zəng vurub tədbirə çağırmışdım.
120 nəfərlik zal demək olar ki dolu idi. Əvvəl Rauf Arifoğlu, sonra isə hüquq müdafiəçiləri növbə ilə baş redaktorun əsassız məhkəməyə verilməsindən, ölkədə söz azadlığına qarşı hücumlardan danışdılar.
Bu vaxt zala Çingiz Qənizadə daxil oldu. Və birbaşa tribunaya çıxdı.
O, indicə Abdolbari Gozal ilə görüşdüyünü, görüşdən birbaşa bura gəldiyini bildirdi. Dedi ki, görüşə Rauf Arifoğlunun təşəbbüsü ilə “məsələni barışıq yolu ilə həll etmək üçün” gedib. Dedi ki, Abdulbari Gozal ilə danışıq müsbət nəticələnib və şirkət rəhbəri qəzetin bir daha ondan yazmaması şərtilə məhkəməyə verdiyi iddianı geri götürməyə razılaşıb.
Zalda hamı təəccüblə bir-birinin üzünə baxdı. Necə olub ki, Rauf Arifoğlu “terror dəstəkçisi” kimi təqdim etdiyi adamın ayağına vasitəçi göndərib? Əgər barışıq istəyirdisə, onda niyə bu qədər insanı bura toplayıb? Niyə indicə etdiyi çıxışda ortaya vasitəçi saldığını demədi?
Çingiz Qənizadə “uğurlu” vasitəçiliyindən məmnun idi. O, Abdolbari Gozalın onu necə hörmətlə qarşılayıb yola salmasından, necə yaxşı adam olmasından, işçilərə də necə yaxşı şərait yaratmasından danışmağa başladı.
Nəhayət, İsa Qəmbər “bəlkə Abdolbari Gozalın uşaqlıq dövründəki həyat və yaradıcılığından da danışasız” deyə yerindən replika atdı. Bu replikaya zalın gülüşü Çingiz Qənizadəni özündən çıxartdı.
Çingiz Qənizadə əsəbi şəkildə çıxışını davam etdirdi: “Mən onun yanına özbaşına getməmişəm, məni Raufoğlu göndərib. Voobşe bilirsiz mənə Abdolbari Gozal nə dedi?”
Çingiz Qənizadənin Abdolbari Gozala istinadən dediklərindən məlum oldu ki, illər əvvəl Rauf Arifoğlu qardaşını Abdolbari Gozalın yanına göndərərək, holdinq rəhbərindən 50 min pul istəyib. Gozal seyfi açaraq elçinin qarşısına 3 min manat qoyub, heç bir redaksiyaya, hətta TV-lərə bundan çox vermədiyini deyib. Qardaşı elə Gozalın yanından Rauf Arifoluna zəng vurub, aldığı cavabı ona çatdırıb. Sonra pulu götürməyərək çıxıb gedib. Səhərisi gün Rauf Arifoğlunun qəzetində Abdolbari Gozalın “pkk simpatizanı” və “terror dəstəkçisi” olması barədə illərlə davam edən təbliğat kampaniyasına start verilib.
Çingiz Qənizadə bunu anlatdıqdan sonra əvvəlcə Arif Əliyev, sonra isə hər kəs narazı şəkildə zalı tərk etdilər. Rauf Arifoğlu daha heç nə demədi, iclasda sonra Çingiz Qənizadəni öz kabinetinə çağırdı…
Bundan bir neçə gün sonra – mayın 14-də Nizami Rayon məhkəməsində Rauf Arifoğlu söz alaraq hakimə barışıq barədə məlumat verdi. Vəkil iddiadan imtina barədə ərizəni də oxudu, amma buna rəğmən məhkəmə zalından Abdolbari Gozala zəng vuruldu. Rauf Arifoğlu bir daha belə etməyəcəyi barədə öhdəliyini təkrarladıqdan sonra iş xətm edildi.
Rauf Arifoğlunun Abdolbari Gozal ilə qarşıdurmasının motivi şirkət rəhbərinin ondan tələb edilən məbləği verməməsi olub. Amma o, “pkk simpatizanlarına” qarşı bu “mübarizəsini” özünün millətçi olması ilə əsaslandırır, Türkiyədəki millətçi dairələrdən dəstək, o cümlədən maddi dəstək alırdı.
İstər Gozal məsələsində bu qədər ifşa olunaraq uduzması, istərsə də illərlə söydüyü İlham Əliyevə belə rəzil şəkildə satılması Müsavatın, bütövlükdə müxalifətin nüfuzuna ciddi zərbə vurub. Məhz Rauf Arifoğlu kimi “radikalın” əqidəsini dəyişməsi sayəsində bu gün cəmiyyət bir çox siyasətçinin həqiqətən irticaya qarşı olduğuna, yaxud sonadək bu mövqedə qalacağına şübhə ilə yanaşır. Onun xəyanəti yüzlərlə azadlıqsevər insanın ruhdan düşərək düşərgəni tərk etməsinə səbəb olub. Bu qədər rüsvayçılıqlardan sonra, onun özünü guya İsa Qəmbərə və Müsavata canı yayan kimi göstərməsi həyasızlığın Rauf zirvəsidir.
Maskası cırılıb, gerçək sifəti üzə çıxıb. Əlbəttə dövran dəyişəcək, amma onun yenidən maskalanmaq cəhdi alınmayacaq. Nə yazsa, yaxud ortağına nə yazdırsa, cavabını alacaq, gerçək sifəti cəmiyyətə xatırladılacaq.
Mustafa Hacıbəyli