Biləsuvar müsavatçıları həbsdə qaldı

Oktyabrın 23-də Şirvan Apelyasiya Məhkəməsində Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyevin işi üzrə apelyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti qismən təmin edərək Ələddin Ələsgərli və Cabir Vəliyevin cəza müddətini 3 ay azaltsa da, hər üç müsavatçını həbsdə saxlayıb.

Bu haqda məlumat verən vəkil Nemət Kərimli hökmün əsassız olduğunu və siyasi sifarişlə çıxarıldığını bildirib. Vəkil qeyd edib ki, ittiham sübuta yetmiş olsa belə təqsirləndirilən şəxslər barədə maksimum inzibati həbs qərarı verilə bilərdi. Lakin məhkəmə tərəflər arasında barışıq olmasına baxmayaraq apelyasiya şikayətini təmin etməyib və iki nəfərin barəsində həbs müddətini 3 ay azaltmaqla kifayətlənib.

Qeyd edək ki, Biləsuvar Rayon Məhkəməsi iyunun 11-də siyasi ayrı-seçkilik nümayiş etdirərək məhz müsavatçı olduqlarına görə Ələddin Ələsgərli və Cabir Vəliyevin 2 il 3 ay, Qoşqar Nuralının 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. Onlar AR Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə təqsirli biliniblər.

Cinayət işinin qaldırılmasının səbəbi Müsavat Partiyası Biləsuvar rayon təşkilatının 31 dekabr 2024-cü il tarixdə rayon ərazisindəki ictimai iaşə obyektlərindən birində Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni İl ilə bağlı bayram tədbiri keçirməsindən sonra baş verən insidentdir. Müsavat Partiyası Biləsuvar təşkilatının fəallığını  sinirə bilməyən yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilmiş, onlara qarşı cinayət işi qaldırılmışdı. Təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertiza tərəfindən təsdiq edilsə də, məhkəmə, təxribatçını cərimələməklə kifayətlənmiş, müsavatçıların barəsində isə heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarmışdır.

Müsavat Partiyası bu hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir, Ələddin Ələsgərli, Cabir Vəliyev və Qoşqar Nuralının dərhal azadlığa buraxılmasını tələb edir.