Şuşada rastlaşma

Şuşada, İsa bulağının yaxınlığında təqribən 70 yaşlı buxara papaqlı bir kişi çətir altında oturub bal satırdı. Düşündüm ki, pis “toçka” deyil, bulağa gedən hər kəs onun qarşısından keçməlidir, o cümlədən biz də. Arif Hacılı onu uzaqdan görən kimi bizə dedi ki, onu hardansa tanıyır.

– Salam əleyküm,
– Əleykəsalam.

Bir dəqiqə sonra məlum oldu ki, qarşısından keçdiyimiz an Arif Hacılının salam verdiyi adam Şuşa batalyonun sabiq komandiri Fəxrəddin Səfərovdur.

-Siz Arif bəysiz?
-Bəli.
-1992-ci il mayın 10-da sizinlə Laçında görüşmüşdük.
– Bəli, o günlər burada müdafiə işlərini qurmağa çalışırdıq.
-Amma sizdən narazılığımı bildirmək üçün illərdir sizinlə rastlaşacağım günü gözləmişəm.

Bu sözdən sonra Fəxrəddin Səfərov özünü təqdim etdi. Dedi ki, sizin yanınızda Xaliq Bahadur da var idi.

Arif Hacılı təsdiqlədi:

– Bəli, sizi və sizinlə rastlaşmağımızı xatırladım. Qurban Məmmədov və Daşqın Ağalarlı da vardı. Bura Xalq Cəbhəsinin, Elçibəyin tapşırığı ilə gəlmişdik.
– Bəli, siz həmin gün məni tərkisilah elətdirdiniz.
– Düz eləmişəm, Arif Hacılı dedi, – Şuşanın işğal olunduğu, Laçının mühasirəyə düşdüyü gün sən əlində silah ilə Qubadlı istiqamətində gedirdin.
-Siz nə bilirsiz niyə gedirdim, mən Bakıya televiziya ilə xalqa müraciət etmək üçün gedirdim.
– Əlində pulemyotla?
– Bəli, sizin məni tərkisilah etmək səlahiyyətiniz yox idi.
-Mən millət vəkili idim. Burda dedin, bir də demə ki, Şuşa işğal olunduğu gün sən – Şuşada xidmətdə olan batalyon komandiri əlində silahla üzü Bakıya döğru gedərkən yaxalanmısan. Özünə ziyan edərsən.
– Mən Bakıya gedib televiziyaya çıxacaqdım…
– Sənin işin televiziyaya çıxmaq yox, batalyonunun başında ərazini qorumaq idi. Sən sadəcə qaçırdın.

Arif Hacılı bu sözləri deyərkən, artıq ətrafdakı hər kəs bizə baxırdı.

Heyif, bu hadisəni videoya çəkmək əvvəldən ağlıma gəlmədi. Şəkil çəkməklə kifayətləndim.

Yadıma düşdü ki, 1992-ci ildə Şuşanın işğalı ərəfəsində orada cəmi üç batalyon vardı. Bu batalyonlardan birinin – mənim də əsgəri olduğum Şuşa könüllülər batalyonunun komandiri Ramiz Qəmbərov Şuşanın işğalından 9 gün əvvəl – aprelin 30-da qəhrəmancasına şəhid olmuşdu. Digər batalyonun komandiri Tofiq Oğuz isə mayın 8-də Şuşanın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuşdu. Mayın 10- da sağ qalan yeganə batalyon komandiri Fəxrəddin Səfərov olub, o isə əlində silahla Bakıya gedirmis…

Mustafa Hacıbəyli