AİHM Azərbaycanla bağlı yeni qərarlarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprel 11-də Azərbaycanla bağlı yeddi yeni qərarını elan edib.

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının monitorinqini aparan aihmaz.org saytının məlumatına görə, “İbişbəyli Azərbaycana qarşı” işində ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur. Ərizə Fikrət İbişbəyliyə qarşı inzibati xəta haqqında icraatın başladılması, daxili məhkəmələr tərəfindən 500 Azərbaycan manatı məbləğində cərimə edilməsi ilə bağlı olub.

İbişbəyli 2022-ci ilin əvvəlində Qarabağ bölgəsindəki durumla bağlı xəbər paylaşıb və Şuşa şəhərinin “Qarabağdakı erməni separatçıları” tərəfindən davamlı olaraq atəşə tutulduğunu qeyd edib. Bundan sonra o, “yayılması qanunla qadağan edilən informasiya” yaymaq əsası ilə məsuliyyətə cəlb edilib. Yerli məhkəmələrdə şikayətləri təmin edilməyən ərizəçi AİHM-də ifadə azadlığı hüququna müdaxilə edildiyinə dair iddia qaldırıb.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia edilən pozuntuları etiraf edib, ərizəçiyə təzminat ödəməyi öhdəsinə götürüb. Məhkəmənin qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və xərclər əvəzi 2250 avro ödəyəcək.

Hökumət 2020-ci il parlament seçkilərindəki bir sıra pozuntuları tanıyıb

Məhkəmə bu gün həmçinin 2020-ci il 9 fevral seçkilərindəki pozuntulara dair şikayətlər üzrə qərarlarını elan edib.

“Sadıqlı və başqaları Azərbaycana qarşı, “Məmmədov və başqaları Azərbaycana qarşı” və “Səfərova Azərbaycana qarşı” işlərində ərizəçilər 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslərdir.

Ərizəçilər yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasının onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasından şikayət etmişdilər.

Bu ərizələrin kommunikasiyası zamanı hökumət ərizəçilərin seçki hüququna müdaxilənin baş verdiyini etiraf edib. “Sadıqlı və başqaları Azərbaycana qarşı” işi üzrə qərara görə, hökumət ərizəçilər – Yadigar Sadıqlı, Fikrət Cəfərli, Oqtay Qasımov, Vəliyəddin Quliyev, Bəxtiyar Hacıyev, Elnur Qasımov, Elşad Musayev, Fərid Salahlı, İlahə Sadıqova, Ziya Quliyev, Toğrul İsmayılov, Toğrul Vəliyev, Vəsilə Hacıyeva, Vüqar Xəlilov və Mütəllim Rəhimovun hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 4500 avro ödəməlidir.

“Məmmədov və başqaları Azərbaycana qarşı” işi üzrə qərara görə də hökumət ərizəçilər – Sakit Məmmədov, Razim Rzayev, Lətifə Əliyeva, Fərid Eyvazov, Fərhad Mehdiyev, Mahmud Mahmudov, Səməd Rəhimli, Ərəstun Vaxşəliyev və Xalid Bağırovun hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 4750 avro ödəməlidir.

“Səfərova Azərbaycana qarşı” işində isə ərizəçi Günel Səfərova şikayətini davam etdirmədiyindən ərizə baxılacaq işlərin siyahısından çıxarılıb.

Hökumət LGBT icması üzvlərinə qarşı hüquq pozuntularını etiraf edib

“A. və başqaları Azərbaycana qarşı” işi 2017-ci ilin sentyabr ayında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvlərinin şikayətləri ilə bağlıdır.

Onlar iddia edirlər ki, onların saxlanılması və sonradan inzibati həbs edilmələri qanunsuz və özbaşına olub, yalnız cinsi oriyentasiyalarına əsaslanıb.

Ərizəçilər həmçinin polis məmurları və təcridxana əməkdaşlarının onlara qarşı pis rəftar etməsindən, müvafiq orqanların bununla bağlı səmərəli araşdırma aparmamasından, habelə həbsdə olan zaman məcburi tibbi müayinəyə məruz qalmalarının qanunsuzluğundan şikayət etmişdilər.

Ərizəçilər Avropa Məhkəməsi qarşısında Konvensiyanın 3, 5, 6, 8 və 14-cü maddələrinin pozuntusuna məruz qaldıqlarını iddia edirdilər. Bu işdə hökumət kommunikasiya mərhələsində iddia edilən pozuntuların bir qismini etiraf edib və ərizəçilərə mənəvi zərər əvəzi 125 min avro, xərc və məsrəflər əvəzi ümumilikdə 3 min avro ödəməyi öhdəliyinə götürüb.

Ərizələrin incələnməsi zamanı məhkəmə 1 ərizəni ərizəçinin vəfat etməsi, daha 4 ərizəni digər səbəblərdən baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Hökumətin təktərfli bəyanatında əksini tapanların məzmununu, habelə təklif olunan kompensasiyanın məbləğlərinin digər oxşar işlərdə təyin edilmiş məbləğlərə uyğun olmasını nəzərə alan AİHM şikayətləri işlərin siyahısından çıxarmağa qərar verib.

Hüquqşünas Səməd Rəhimli Avropa Məhkəməsinin işə mahiyyəti üzrə baxmaması ilə bağlı təəssüfünü ifadə edib.

“AİHM bu işdə hökumətin pozuntunu etiraf etməsi bəyanatı ilə işi bağladı. Biz daha təkmil qərar gözləyirdik. Hökumət Avropa Məhkəməsinə gedən işlərdə pozuntunu tanısa da, daha sonra kompensasiya ödəmək xaric pozuntunu aradan qaldırmaq üçün hər hansı addım atmır”, Rəhimli qeyd edib.

Məhkəmənin qərardadına görə, hökumətin təklif etdiyi 125 min avro 19 ərizəçi arasında bölünməli, ərizəçilərin hüquqi təmsilçilərinə isə 3 min avro ödənilməlidir.

AİHM-in elan etdiyi daha iki qərar isə sərbəst toplaşma azadlığının pozulmasına dair işlərlə bağlıdır.

“Əliyeva və başqaları Azərbaycana qarşı” və “İbrahimov və başqaları Azərbaycana” qarşı işinə dair məhkəmənin qərardadlarına görə, hökumət hər iki iş üzrə ərizəçilərin hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1750 avro ödəməlidir.