İsrail İrana məxsus pilotsuz təyyarələrin və raketlərin 99 faizini vurduğunu bildirir
İsrail mediası ölkənin yüksək vəzifəli rəsmilərinə istinadən xəbər verir ki, İsrail İrandan atılan pilotsuz təyyarələrin və raketlərin 99%-ni məhv edib və ya ələ keçirib.
Ynet mənbəsinin sözlərinə görə, İranın ilk dəfə İsrailə öz ərazisindən hücum etməsi “qətiyyətli cavab tələb edir və bu, tezliklə baş verəcək”.
İran tərəfindən buraxılan pilotsuz təyyarələrin bəziləri Amerika qüvvələri tərəfindən İsrail ərazisindən kənarda vurulub. Sky News xəbər verir ki, pilotsuz təyyarələrin tutulmasında Böyük Britaniya Hərbi Hava Qüvvələri də iştirak edib. İordaniya Hərbi Hava Qüvvələri onlarla pilotsuz təyyarəni vurub.
İranın Tasnim agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “işğal olunmuş ərazilər”dəki hədəflərin uğurla məhv edildiyini elan edib.
İsrailin Təcili Yardım Xidməti (MDA) bildirib ki, 10 yaşlı qız İsrailin cənubundakı Arad qəsəbəsində yaralanıb.
Aprelin 1-də İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi hava zərbəsinə cavab olaraq İran onlarla pilotsuz təyyarə və qanadlı raketlərlə İsrailə hücum edib. Zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeddi üzvü həlak olub.
Hücum başlayandan sonra İsrailin baş naziri Benyamin Netanyahu təcili müraciət edib və İsrailin İranın birbaşa hücumuna hazır olduğunu və eyni şəkildə cavab verəcəyini bildirib. İsraildə hərbi kabinetin iclası çağırılıb. ABŞ prezidenti Co Bayden hücumdan bir gün əvvəl tətilini yarımçıq kəsib və İranın İsrailə hücumunu müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə Ağ Evdə görüşüb.
Bir müddət sonra İranın BMT-dəki nümayəndəliyi hücumun başa çatdığını açıqlayıb. “Məsələ bitmiş hesab oluna bilər. Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın cavabı daha sərt olacaq”, – missiyanın bəyanatında deyilir.